“Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması real görünmür”- Politoloq

“Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması real görünmür”- Politoloq
06 İyn 2025 14:44

Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı ilə bağlı səslənən fikirlər hələlik reallığa yaxın deyil.

Bu barədə News365.az-a açıqlamasında politoloq Elşən Mustafayev bildirib.

Mustafayevin sözlərinə görə, Ermənistan iqtisadi fəaliyyətinin böyük hissəsini Rusiya ilə aparır və gömrük rüsumları, logistika xərcləri kimi güzəştlər yalnız Aİİ üzvlüyü sayəsində mümkündür:

“İdxal-ixrac əməliyyatlarının əksəriyyəti Rusiyaya bağlıdır. Aİİ-dən çıxdıqda həmin preferensiyalar itəcək, buna alternativ tapmaq isə indiki mərhələdə çətindir”.

Politoloq həmçinin vurğulayıb ki, Rusiya şirkətləri və Kremlin himayəsində olan biznes dairələri Ermənistanda geniş fəaliyyət göstərir:

“Bir çox erməni şirkətləri Rusiya oliqarxlarına bağlanıb. Bu iqtisadi bağlılıq siyasi təsir rıçaqları da yaradır”.

Ekspert iddia edir ki, Moskva Ermənistandan sanksiyaları dolanmaq üçün tranzit ölkə kimi istifadə edir və İrəvan da tranzit rüsumları hesabına büdcəsinə əlavə gəlir əldə edir:

“Qərb bu sxemi görür, amma hələlik ciddi addım atmır. Həm Rusiya, həm də Ermənistan bundan qazanır”.

Mustafayev yekunda qeyd edib ki, daxili siyasi təzyiqlərə baxmayaraq, Ermənistan hökuməti iqtisadi riskləri nəzərə alaraq Aİİ-dən çıxmağa hələ hazır deyil:

“Alternativ ticarət marşrutları və bazarlar tapılmadan bu addım ciddi iqtisadi zərbə olardı”.


Sizin reklam burada
Sizin reklam burada