"Ermənistan sanki indi ayılıb"- Erkin Qədirli

"Ermənistan sanki indi ayılıb"- Erkin Qədirli
19 Fev 2025 15:37

"Ermənistan sanki indi ayılıb, yəni Avropa İttifaqına üzv olmaq məsələsinə birdən-birə yönəlib."

Milli Məclisin üzvü Erkin Qədirli bunu News365.az-a deyib.

"Gürcüstanın Avropa İttifaqına üzv qəbul olunmaması fonunda isə Ermənistanın bu istəyinin heç bir məntiqi əsası yoxdur. Coğrafi baxımdan Gürcüstanın dənizə çıxışı olsa da, Ermənistanın belə bir imkanı yoxdur, yəni orada bütün kommunikasiya, rabitə və nəqliyyat infrastrukturunu qurmaq çətindir. Üstəlik, Ermənistanın yaxınlığında yerləşən ölkələrin heç biri Avropa İttifaqının üzvü deyil.

Bundan başqa, nəzərə almaq lazımdır ki, Rusiyanın hərbi bazaları Ermənistan ərazisində yerləşir. Bu baxımdan, Ermənistanın Rusiyadan uzaqlaşıb Avropa İttifaqına yönəlməsi sadəcə bir xülya kimi görünür. Ermənistan nə qədər özünü Avropaya meyilli kimi göstərməyə çalışsa da, onun bütün ticarət əlaqələri əsasən Rusiya ilə qurulub. Dəfələrlə vurğulanıb ki, Avropa İttifaqına Cənubi Qafqaz ölkəsi kimi yalnız Ermənistanın üzvlüyü lazımlı deyil. Nə vaxt ki, bütün Cənubi Qafqaz ölkələri strateji baxımdan bu addıma hazır olar, o zaman bu barədə düşünməyə dəyər."


Sizin reklam burada
Sizin reklam burada