Erkən pensiya proseduru sadələşdi - vətəndaş ən sərfəli məbləği seçə biləcək

Erkən pensiya proseduru sadələşdi - vətəndaş ən sərfəli məbləği seçə biləcək
09:27

Nazirlər Kabineti "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, növlər arasında keçirilməsi və ödənilməsi Qaydası"na edilən dəyişiklikləri təsdiqləyib.

News365.az xəbər verir ki, yeni qaydalar erkən pensiyaya çıxmaq mexanizmini daha da sadələşdirir və vətəndaşlar üçün əlçatan edir.

"Əmək pensiyaları" haqqında Qanunun 9-cu maddəsinə görə, Nazirlər Kabinetinin müəyyən etdiyi zərərli, ağır və xüsusi şərtlərlə yerinə yetirilən peşələrdə azı 12 il 6 ay çalışan kişilər, eləcə də 10 il çalışan qadınlar üçün yaş həddi 5 il azaldılmaqla pensiya almaq hüququ yaranır.

Deputat Vüqar Bayramov bildirib ki, indiyədək bu hüquqdan yararlanmaq üçün vətəndaşın son iş yerindən mütləq arayış təqdim etməsi tələb olunurdu. Lakin bəzi müəssisələrin fəaliyyətini dayandırması səbəbindən həmin arayışların alınması çətinlik yaradır və bir çoxları erkən pensiya hüququndan istifadə edə bilmirdi.

Yeni dəyişikliklər bu problemi aradan qaldırır. Əgər müəssisə mövcud deyilsə və arayış almaq mümkün deyilsə, şəxsin həmin peşədə çalışması Nazirlər Kabinetinin təsdiq etdiyi güzəştli işlər siyahısına uyğun gəldiyi halda, onun iş dövrü güzəştli staj kimi qəbul olunacaq. Bu zaman stajın hesablanması:

  • "Əmək və Məşğulluq" altsistemindəki əmək müqaviləsi qeydlərinə,

  • əmək kitabçasındaki məlumatlara,

  • və ya dövlət arxivindən alınan arayışa əsasən aparılacaq.

Bundan başqa, yeni qaydalara görə, qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin pensiya hesablanarkən həm əməkhaqqı, həm də pensiya kapitalı əsasında çıxarılan məbləğ müqayisə ediləcək. Hansı daha yüksəkdirsə, pensiya olaraq həmin məbləğ təyin ediləcək. Bu da bir çox vətəndaşın gözlədiyi pensiya məbləğinin artmasına səbəb olacaq.

Sadə dildə desək, iş yeri bağlandığı üçün arayış əldə edə bilməyən və güzəştli şərtlərlə pensiya hüququ olan şəxslər bundan sonra əmək kitabçası və ya arxiv sənədi ilə erkən pensiyaya çıxa biləcək. Eyni zamanda, pensiya məbləği hesablanarkən vətəndaş üçün daha sərfəli variant seçiləcək.


Sizin reklam burada
Sizin reklam burada