Albaniyanın baş naziri Edi Rama may ayında Azərbaycana səfər edəcək.
News365.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Albaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Besart Kadia bildirib.
“18 may 2026-cı il tarixində Bakıda keçiriləcək “WUF13” çərçivəsində dünya liderlərinin xüsusi görüşlərində Baş nazir Edi Ramanın iştirakı gözlənilir ki, bu da Albaniyanın regional və qlobal dialoqlarda fəal rolunu əks etdirir. Digər bir sıra səfərlər və birgə təşəbbüslər təsdiqlənmə mərhələsindədir ki, bu da hər iki ölkənin iqtisadi, mədəni və texnoloji sahələrdə əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı sadiqliyini göstərir”,- deyə Kadia bildirib.
Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.