Bu düşüncə insanı sakitləşdirir, amma kölə saxlayır

Bu düşüncə insanı sakitləşdirir, amma kölə saxlayır
13:29
Tarix göstərir ki, hər ideologiya hər cəmiyyətdə kök sala bilmir. Bunun səbəbi yalnız qanunlar, sərhədlər və iqtisadi modellər deyil. Ən əsas səbəb insanın özünü necə dərk etməsidir. Bəzi cəmiyyətlərdə sosializm mümkün deyil. Çünki bu cəmiyyətlərdə yoxsullar özlərini istismar edilən sinif kimi yox, sadəcə vaxtı hələ çatmamış milyonçular kimi görürlər. Bu yoxsulluqdan daha təhlükəli bir vəziyyətdir. Bu şüurun yoxsullaşmasıdır. Karl Marks deyirdi ki, “İnsanların varlığı şüurlarını müəyyən edir.” Amma müasir dünyada bu cümlə tərsinə çevrilib. İnsanların şüuru onların yoxsulluğunu gizlədir. Əgər bir insan öz mövqeyini səhv oxuyursa, o nə haqsızlığı görər, nə də ona qarşı çıxar. Platon “Dövlət” əsərində mağara alleqoriyasını boşuna yazmamışdı. İnsanlar zəncirlənmiş halda kölgələri reallıq sanırdılar. Bu gün o mağaranın adı dəyişib: media, sosial şəbəkələr, “uğur motivasiyası”, saxta ümid sənayesi. Kölgələr isə “öz üzərində işləsən hər şey olar” cümlələridir. Belə cəmiyyətlərdə insan öz zəncirini hiss etmir. Çünki ona zəncirin qızıl olduğunu deyiblər. Psixologiyada buna kognitiv dissonans deyilir. İnsan ağrılı həqiqətlə üzləşməkdənsə, rahat yalanı seçir. Yoxsul insan üçün həqiqət ağrılıdır: sistem ədalətsizdir, imkanlar bərabər deyil, zənginlik çox vaxt zəhmətlə yox, mirasla, əlaqəylə, güclə ötürülür. Amma bu həqiqəti qəbul etmək insanda qəzəb və məsuliyyət yaradır. Buna görə də şüur onu qoruma mexanizmi işə salır. “Mən kasıb deyiləm, sadəcə hələ zəngin olmamışam.” Bu düşüncə insanı sakitləşdirir, amma kölə saxlayır. Çünki o artıq sistemi sorğulamır. O sistemə uyğunlaşmağa çalışır. Erich Fromm deyirdi: “İnsan azadlıqdan qorxduğu üçün köləliyi seçir.” Bu cəmiyyətlərdə yoxsullar azadlıqdan yox, həqiqətdən qorxurlar.
İslam Dini tarix boyu iki cür istifadə olunub:
— məzlumun ümid mənbəyi kimi
— zalımın aləti kimi
Bir çox cəmiyyətlərdə səbir anlayışı məqsədli şəkildə təhrif edilib. Səbir, zülmə qarşı durmaq yox, zülmə öyrəşmək kimi təqdim olunub. Halbuki İslam tarixində səbir zillət deyil, mübarizənin etik formasıdır. İmam Əli (ə) deyirdi: “Zülm qarşısında susan, zülm edənin şərikidir.” Amma bu cəmiyyətlərdə yoxsula başqa cür öyrədilib:
“Halına şükür et.”
“Qismət belədir.”
“Allah səni imtahan edir.”
Beləliklə sistemin yaratdığı yoxsulluq ilahi sınaq kimi göstərilir. Zənginin var-dövləti isə ilahi mükafat kimi. Bu isə yoxsulu yalnız kasıb yox, günahkar da edir. Tarix bizimlə açıq danışır. Fransa inqilabı o vaxt baş verdi ki, kəndli artıq kral olmaq xəyalı qurmadı. O, özünün kəndli olduğunu və istismar edildiyini dərk etdi. Rusiyada 1917-ci ildə inqilab baş verdi, çünki fəhlə özünü sahibkarın gələcək versiyası kimi yox, əzilən sinif kimi görürdü. Amma ABŞ-da sosializm heç vaxt kütləvi gücə çevrilmədi. Çünki amerikalı fəhlə özünü proletar yox, potensial kapitalist saydı. Bu model sonradan bir çox ölkələrə ixrac olundu.
Tarix sübut edir ki, insan özünü kim hesab edirsə, ona uyğun da davranır. Sosializm qorxulu olduğu üçün deyil, həqiqəti göstərdiyi üçün rədd edilir. O insanın üzünə deyir.
“Sən tək deyilsən.”
“Sənin vəziyyətin şəxsi uğursuzluq deyil.”
“Bu sistem təsadüfi yox, məqsədlidir.”
Və bu sözlər bəzi cəmiyyətlər üçün təhlükəlidir. Çünki bu həqiqəti qəbul etmək rahat yuxudan oyanmaq deməkdir. Ona görə də bəzi cəmiyyətlərdə sosializm mümkün deyil. Çünki orada insanlar kasıb deyillər. Onlar özlərini aldadan varlı namizədlərdir. Və özünü aldadan insanı azad etmək, zənciri qırmaqdan daha çətindir.
Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada