Bulvardan gələn kəskin qoxu, qurudulan göllər, plansız tikintilər- Kanalizasiyanın qloballaşan problemləri

Bulvardan gələn kəskin qoxu, qurudulan göllər, plansız tikintilər- Kanalizasiyanın qloballaşan problemləri
13:19

Xəbər verdiyimiz kimi yanvarın 12-də  Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. Həmin müşavirədə  su təchizatı, tullantı və yağış suları sistemlərinin real vəziyyəti ətraflı müzakirə edilib və bu sahələrdə perspektivlər müəyyənləşib.

Təbii ki, müşavirədə müzakirə olunan məsələlərdən biri də Abşeron yarımadasında göllərin süni şəkildə qurudulması və kanalizasiya xətlərinin normadan artıq yüklənməsidir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov müşavirdəki çıxışında qeyd edib ki, Bakı şəhəri və Abşeron yarımadasında mövcud olan göllərin bir hissəsinin son illərdə qurudulması intensiv yağışlar zamanı subasma riskini artırır:

“Bakı və Abşeron yarımadasında 300-dən çox göl mövcuddur və bu göllər təbii olaraq sutoplayıcı funksiyaya malikdir. 2014–2025-ci illər ərzində bəzi hallarda qeyri-qanuni, bəzi hallarda isə plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazilər zəbt edilib və həmin sahələrdə tikintilər aparılıb. Bu isə intensiv yağışlar zamanı həmin bölgələrin subasmaya məruz qalmasına səbəb olur". 

Paytaxtın kanalizasiya sisteminin qurulması ötən əsrin əvvəllərində başlayıb. Bakıda kanalizasiya sisteminin yaradılmasına çar Rusiyası dövründən cəhd edilsə də, buna nail olunmayıb. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra kanalizasiya problemi aktuallaşıb. 1923-cü ildə Bakı Sovetinin tərkibində texniki-kanalizasiya bürosu yaradılıb, tanınmış mühəndis Mark İosifoviç Atlasın “Ayrılmış kanalizasiya sistemi” layihəsi əsasında 1924-cü ildə tikinti işlərinə başlanıb. Beləliklə, 1930-cu ildə Bakı şəhərinin ilk mütəşəkkil kanalizasiya sistemi qurulub. Təxminən 40 ildən sonra, 1972-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əhalinin 2000-ci ilə qədər perspektiv artımı nəzərə alınaraq, Bakının “Böyük kanalizasiya” layihəsi işlənir və qısa müddətdə tikinti işlərinə başlanılır. Bu müddətdə Hövsan Aerasiya Stansiyası, 1, 2, 3 və 4 saylı kanalizasiya nasos stansiyaları, “Sənaye zonası”, “Şəhərkənarı-Tunel” və “Sahil” tunel kollektorları tikilib istifadəyə verilir. Bunların nəticəsində Bakıda yaranan çirkab suların 85 faizə yaxını toplanaraq təmizləyici qurğularda təmizləndikdən sonra dənizə axıdılır. Lakin 1991-ci ildə maliyyə çatışmazlığı üzündən “Böyük kanalizasiya” layihəsi üzrə tikinti işləri yarımçıq dayandırılıb. Yalnız 2006-2007-ci illərdə paytaxtın kanalizasiya şəbəkəsində yenidənqurma layihələrinə start verilib. “Azərsu” ASC-nin məlumatına görə, bu işlər çərçivəsində həyata keçirilən ən böyük layihə “Hövsan Təmizləyici Qurğular Stansiyası, 2 saylı Zığ Nasos Stansiyası və Əsas Ötürücü Kanalizasiya kollektorlarının yenidənqurulması və genişləndirilməsi” layihəsi olub. Bu işlər Fransa hökumətinin ayırdığı 35 milyon avro kredit və Azərbaycan büdcəsindən ayrılmış 44,9 milyon manat vəsait hesabına görülüb. Nəticədə Hövsan Təmizləyici Qurğular Stansiyasının məhsuldarlığı 480 min kubmetr/sutkadan 640 min kubmetr/sutkaya qədər artırılıb.

Hazırda  Bakıda təsərrüfat-məişət kanalizasiya xətlərinin ümumi uzunluğu 1500 kilometrdən artıqdır. Bundan başqa, Bakı şəhərində ümumi uzunluğu 156 kilometr olan yağış kanalizasiya xətləri mövcuddur.

Mövzu ilə bağlı News365.az danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, Bakının və Abşeron yarımadasının subasma problemi uzun illər ərzində təbii və süni amillərin qarşılıqlı təsiri nəticəsində formalaşıb:

“Əvvəllər şəhərin təbii drenaj sistemi rolunu oynayan göllər yağış və yeraltı sularını toplayaraq subasma riskini azaldır, ekoloji tarazlığı qoruyurdu. Lakin son zamanlar aparılan plansız urbanizasiya və qeyri-qanuni tikintilər bu mexanizmi ciddi şəkildə pozub. Qanlı göl, Masazır, Böyükşor, Lökbatan və Məhəmmədi kənd göllərinin ya qismən, ya da tamamilə məhv edilməsi ərazilərin sutoplayıcı funksiyasını itirməsinə səbəb olub. Bunun nəticəsində güclü yağışlar zamanı suyun toplanacağı təbii sahələr aradan qalxıb və su küçələrdə, həyətlərdə və binaların zirzəmilərində yığılır, Binəqədi, Lökbatan və Sabunçu rayonlarında mütəmadi subasmalar baş verir”.

Problemin kökləri yalnız ekoloji deyil

Müsahibimiz hesab edir ki, mövcud problemlərdə institusional və iqtisadi amillər də mühüm rol oynayıb:

“Qurudulan göl sahələrinin zəbt edilərək yaşayış və kommersiya obyektlərinin tikilməsi qısa müddətli iqtisadi maraqların uzunmüddətli ekoloji təhlükəsizlikdən üstün tutulduğunu göstərir. Məsələn, Lökbatan gölünün yerində salınan ticarət kompleksləri və yaşayış massivləri həmin ərazinin su balansını pozub və subasmalara səbəb olur.

Bakı şəhərinin kanalizasiya sistemi də son 40 ildə düzgün idarə edilməyib və şəhərin sürətlə böyüməsi ilə ayaqlaşmayıb. Sovet dönəmində ayrılmış məişət, yağış və texniki tullantılar üçün ayrıca sistemlər mövcud idi. Lakin indi bütün sistem məişət tullantılarının daşınmasına fokuslanıb. Bir neçə göydələnin yağış kanalizasiyasına qoşulması və kanalizasiya gücünün artırılmaması şəhərin su idarəetmə qabiliyyətini zəiflədir. Bir faktı xatırladım ki, bir müddət əvvəl Bakı bulvarından kəskin qoxular gəlirdi. Bu da onunla bağlı idi ki, yeni inşa edilə göydələnlər öz kanalizasiya xətlərini birbaşa yağış və texniki suların axıdıldığı xəttə qoşmuşdular. Həmin sular da birbaşa buxtaya axıdılırdı. Hökümətin müdaxiləsindən sonra bu problem aradan qalxdı. Ümumilkidə isə son zamanlar kanalizasiya sisteminə ciddi yenidənqurma aparılmayıb və yalnız bir dəfə alman şirkəti tərəfindən hissəvi təmizləmə həyata keçirilib. Yəqin ki, dövlət proqramının icrası zamanı Bakının kanalizasiya sisteminə kompleks yanaşma olacaq”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada