Kapital Bank 63 yaşlı qadının müalicə pulunu blokladı – 563 manata çıxış yoxdur

Kapital Bank 63 yaşlı qadının müalicə pulunu blokladı – 563 manata çıxış yoxdur
13:26

63 yaşlı bir qadın gündəlik 5–10 manat qazanaraq həmin vəsaiti müalicə xərcləri üçün debet kartına yığırmış. Lakin ötən gün pul çıxarmaq istəyərkən kartının bloklandığını görüb. Artıq bir həftədir ki, kartda olan 563 manatı götürə bilmir.

News365.az xəbər verir ki, vətəndaş məsələ ilə bağlı Kapital Banka müraciət etdikdə, bank əməkdaşlarının ondan kartdakı vəsaitin məhz özü tərəfindən yükləndiyini sübut etməsini tələb etdiyi bildirilir. Qadının sözlərinə görə, bank əməkdaşları pulu kimin göndərdiyini araşdıracaqlarını və yalnız bundan sonra kartın blokdan çıxarıla biləcəyini deyiblər.

Hadisə ictimai narazılıq doğurub. Məsələ ilə bağlı teleaparıcı Amil Xəlil özünün “Facebook” səhifəsində paylaşım edərək bankın yanaşmasını tənqid edib. O bildirib ki, az qala qadını borclu kimi təqdim ediblər və bu yanaşma sosial cəhətdən həssas bir vətəndaş üçün ağır vəziyyət yaradıb.

Amil Xəlil əlavə edib ki, artıq 2 gündür Kapital Bankın mətbuat xidmətinin əməkdaşı Arzu xanımla əlaqə saxlamağa çalışsa da, vətəndaşın problemi ilə bağlı hər hansı cavab ala bilmir:

“Yazıq kasıba, gün yoxdu da. Şəxsiyyət məlumatlarını da banka göndərmişəm. Araşdırın və ictimaiyyətə cavab verin – bu da bir ilk olsun. Arzu xanım isə hələ də məşğuldur.”

Hazırda məsələ ilə bağlı bank tərəfindən rəsmi açıqlama verilməyib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada