Əmək müqavilələrinin sayı ilə bağlı 2 fərqli rəsmi rəqəm - Hansı doğrudur?

Əmək müqavilələrinin sayı ilə bağlı 2 fərqli rəsmi rəqəm - Hansı doğrudur?
06 Yan 2025 10:12

Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dayaq” mükafatının təqdim olunma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 609 min əmək müqavilələrinin 80 %-dən çoxu - 500 mini məhz özəl sektorun payına düşür:

“Bu dövr ərzində özəl sektor əmək bazarında 2 dəfə artıb, əməkhaqqı fondu 3 dəfə artıb".

O vurğulayıb ki, bu gün Azərbaycan bütün istiqamətlərdə və sektorlarda fəal inkişaf edir: “Ölkə iqtisadiyyatı artırılır, əhalinin rifah halı yüksəlir, müdafiə qabiliyyəti gücləndirilir və ən əsası, işğaldan azad edilmiş ərazilər sıfırdan bərpa olunur: “Burada ən yüksək tələblərə cavab verən müasir infrastruktur yaradılır. Bu gün Azərbaycanı səciyyələndirən genişmiqyaslı proqramlar həyata keçirilir".

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək müqavilələrinin sayının 2019-cu ilin əvvəli ilə müqayisədə 482 min 194 vahid artaraq 2024-cü ilin dekabr ayının 1-nə 1 milyon 884 min 109 vahidə çatdığını açıqlayıb.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin açıqladığı məlumat ilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin açıqladığı məlumat arasında ciddi fərq var.

Vergi Xidmətinin açıqladığı məlumatdan belə görünür ki, son 6 ildə əmək müqavilələrinin sayı 25,6% artıb.

Bəs, hansı rəqəmlər daha realdır?

Mövzu ilə bağlı News365.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, deyib ki, iki nazirliyin səsləndirdiyi rıqımlər arasında fərq çox böyükdür:

“Əslində belə məlumatlar açıq resurslarda, internetdə yerləşdirilməlidir. Və istənilən maraqlı şəxs də istədiyi zaman həmin məlumatlardan faydalanmalıdır. Çox təəssüf ki, belə bir açıq məlumat statistikası yoxdur. Ona görə də həm ekspertlər, həm də jurnalistlər çox zaman mənbə kimi rəsmi şəxslərin çıxışlarını göstərir. Belə hallarda da rəqəmlər üst-üstə düşmür. O ki, qaldı əmək müqavilələri ilə bağlı səsləndirilən iki rəqəmə… Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiə nazirinin söylədyi rəqəmdə populism var.  Nəzərə alaq ki, hamımız eyni cəmiyyətdə yaşayırıq. Və çevrəmizdə əmək müqaviləsi olmadan çalışan xeyli insan var. Bundan əlavə, bu gün tikinti və iaşə sektorunda çalışanların böyük əksəriyyətinin əmək müqaviləsi yoxdur. Ona görə də son 6 ildə əmək müqaviləsinin 50% artdığını demək çox çətindir. Bununla belə, Vergi Xidmətinin açıqladığı rəqəmlər daha real görünür. Həm də Vergi Xidməti bu rəqəmi şişirtməkdə heç cür maraqlı deyil. Ona görə də son 6 ildə əmək müqaviləsinin 25% artması daha realdır”.

News365.az


Youtube kanalımız