“Ağsaqqal kişisən, ayıbdır, utanmırsan, bilmədiyin şeyi danışırsan. Sənin Azərbaycan musiqisindən xəbərin yoxdur”.
Bunu Əməkdar artist Elnarə Abdullayeva müğənni Əli Mirəliyevin onu tənqid etməsinə münasibət bildirərkən deyib.
Xanəndə deyib ki, əslində, bu məsələ məhkəməlikdir: “Azərbaycan musiqisinin bir anası var, bir də atası... Biri muğamdır, o biri aşıq musiqisi. Sənin də bunlardan xəbərin yoxdur və ağzına gələni danışırsan. İndi neynəyək? Bircə yol var, o da məhkəmə. Amma vaxtım yoxdur. Belə adamlara baş qoşsam, konsertlərimi verə bilmərəm. Əli kimdir ona baş qoşum?
Mən Heydər Əliyev Sarayında muğam konsertləri verəndə yerimə səhnədə Əli Mirəliyev oxuyurdu? Mahnıları mən oxuyurdum, muğamları Əli Mirəliyev? Adamın sənəti, işi olmayanda ağzına nə gəldi danışar. İnsan bekar olanda, sənəti, işi olmayanda kənardan hər şeyə söz atır. Çünki vaxtı var, onu necəsə yola verməlidir”.
Qeyd edək ki, Əli Mirəliyev Elnarə Abdullayevanı tənqid edib. Müğənni deyib ki, Elnarənin gözəl səsi, gözəl avazı var, amma muğam oxuya bilmir: “Mərsiyə oxuyur, ağlaşma qurur. Niyə insanları buna öyrəşdirirsən? Tamaşaçını aldatmaq olmaz. Əgər oxuya bilirsənsə, Aygün Bəylər kimi düzgün oxu. Yaxşı səsi var. Ancaq onun oxuduğu muğam yox, mərsiyədir”. Qaynarinfo