“Əli Babanın Dərsi”- Hekayə

“Əli Babanın Dərsi”- Hekayə
26 İyn 2025 20:17

Bir varmış, bir yoxmuş


    Həyat qəribə bir oyundur… İnsan elə bilir ki, hər şey həmişə olduğu kimi qalacaq. Elə bilir ki, sabah da eyni səhər açılacaq, sevdikləri həmişə yanında olacaq. Amma həyat heç vaxt xəbərdarlıq etmir. O, sənə “hazır ol” demir. Sən hər şeyi olduğu kimi qəbul edirsən, amma bir gün anlayırsan ki, hər şeyi dəyişəcəyinə inandığımız möcüzəli o “sabah” gəlmir. Bəzən, sevdiyin insanın səsi son dəfə eşidilir. Bəzən, əlini tutmaq istədiyin biri artıq orada olmur.    


    Yaşlı kişi parkda oturub xəzəllərin üzərindəki o uzun illərin yükünü daşıyırdı. Hər qırışında bir xatirə, hər baxışında bir peşmanlıq vardı. O, parkda, köhnə palıd ağacının altında oturmuşdu. Günəşin son şüaları qızılı rəngə bürünmüş yarpaqların arasından süzülürdü. Yanında əyləşən ağıllı, gülüşü və enerjisi ilə həyat dolu nəvəsi Uğur isə atasının aldığı kitabı oxuyurdu. Yaşlı kişi – hamının Əli baba dediyi adam – gözlərini uzaqlara dikmişdi. Sanki illərin yükü çiyinlərinə çökərək onu yenidən keçmişə aparırdı. Dodaqları titrədi, gözlərində bir hüzün parladı. Məktəbli, balaca Uğur kitabları oxumağı çox sevirdi, amma onun ən çox sevdiyi babası və atası ilə müxtəlif mövzulardan, söhbət etmək idi. Uğur heç vaxt görmədiyi nənəsi haqqında babasına suallar verməyi çox sevirdi. O, yenə də babası ilə söhbət etmək istəyirdi, amma yaşlı kişi susurdu. Uğur babasının baxışlarının dalğın, susqun və bir az da uzaqlarda olduğunu görüb içində qəribə bir hiss duydu. Adətən gülümsəyən, söhbət və zarafat edən babası bu dəfə sanki heç nə eşitmirdi, heç nə demirdi. Uğur oxuduğu kitabı örtdü, babasına bir müddət səssizcə baxdı. Sonra səsini bir az alçaldıb, sakit və ehtiyatla dedi:


– Baba… sən niyə danışmırsan? Niyə bu qədər susqunsan? . . Nəsə olub? . .


Əli baba dərin bir nəfəs aldı. Baxışlarını  xəzəllərin arasına dikdi, sonra Uğurun balaca əllərindən tutub, üzünə baxdı. Səsində yorğunluqla qarışmış bir şəfqət vardı:


– Bilirsən, Uğur… Bəzən adam danışmaq istəmir, yox… danışa bilmir. Çünki hər sözün bir zamanı var. Elə şeylər var ki, deməyə insan özü də hazır olmur. Amma indi baxıram ki, sən artıq o balaca Uğur deyilsən. Düşünürsən, sual verirsən, cavab axtarırsan… Bu da o deməkdir ki, artıq səninlə danışmağın vaxtıdır. İndi sən məktəblisən, yavaş-yavaş həyatın qapısını döyürsən. Mən istəyirəm sən bu qapını açanda içəri keçməyə hazır olasan.


Əli baba yavaşca nəvəsinin kiçik əllərini ovucuna aldı.


– Bilirsən, mənim balam… Həyat “bir varmış, bir yoxmuş”dan ibarətdir. Elə sənin də oxuduğun nağıllardaki kimi…Bu dünyada heç nə əbədi deyil. İnsan, sahib olduqlarının dəyərini çox vaxt onları itirəndən sonra anlayır.


Nəvə başını yana əyib maraqla gözlərini açdı.


– Necə yəni, baba?


Əli baba dərin nəfəs aldı, əlini nəvəsinin çiyninə qoydu və asta səslə danışmağa başladı:


– Bilirsən, balam… İnsan fürsətlərin gəlməsini gözləyər… Fürsətlər də insanın gəlməsini. Hər ikisi bir-birini gözləyə-gözləyə ötüb keçər zaman. Nə insan gedib fürsətə çatar, nə də fürsət insanın qapısını döyər. Əvəzində isə hamı gözləyər… və bu gözləntilərin içində əriyib yox olar ömür. Fürsətlər susar… İnsanlar da susar… Və sonda qazanan həmişə bəhanələr olar. Çünki insanlar cəhd etmədiklərinə min bəhanə tapar, amma bir dəfə cəhd etsəydilər, bəlkə də həyatları dəyişəcəkdi. Unutma… ən acı peşmanlıq – heç vaxt sınamadığın, amma içində daima “kaş” kimi çırpınan fürsətlərdir. Həyat səni gözləmir. O, heç kəsi gözləmir. Ya sən addım atırsan, ya da ömür boyu izləyici olursan…


– Bəs mən, baba? Fürsətləri itirməyim deyə necə yaşamalıyam? .


Baba bir anlıq sükut içində qaldı. Sonra titrəyən səsiylə davam etdi:


– Gənc olanda elə bilirdim ki, sevdiklərimiz həmişə yanımızda olacaq.


Nəvəsi diqqətlə dinləyirdi. Baba içini çəkdi və davam etdi:


– Gəncliyimdə həyatın qayğılarına o qədər qarışmışdım ki, sevdiklərimə vaxt ayırmaq üçün “sonra” deyirdim. “Sonra danışaram”, “Sonra görüşərik”, “Sonra deyərəm ki, onları sevirəm”… Amma, balam, həyat heç kimə “sonra” vermir. Mənim ağıllı, balam, sonralara saxlanmış həyat,“kaş ki”lərə məhkumdur…. çalış həyatında heç nəyi sonraya saxlama. Əgər  sevdiyin birinə “səni sevirəm” demək istəyirsənsə, de, əgər ona sarılmaq istəyirsənsə, sarıl. Çünki sabah  gəlməyə bilər.


Uğur bir anlıq dayandı, baxışlarını babasının üzünə dikdi və sakitcə soruşdu:


– Bəs nənəm necə biri idi? Onun haqqında danışa bilərsən?


Qoca bir anlıq gözlərini yumdu. Xatirələr qəlbinin dərinliklərindən bir sel kimi qopub gəldi, onu illər əvvələ apardı…


– Uğur, bilirsən, nənənlə o qədər az vaxt keçirmişik ki… Hər dəfə “sonra, sonra” deyə-dəyə, zamanı- ən qiymətli xəzinəni itirdim…Sonra o “sonra” gəlmədi. Həyat bizi çox tez ayırdı. Mən o anları geri gətirə bilmərəm, bu ən böyük peşmanlığımdır…


Əli baba nəvəsi ilə danışdıqca keçmiş günlər gözlərinin önündən film kimi keçirdi ….


    Əli hər səhər işə tələsər, yorğun qayıdar, yanında sevdiyi qadın danışmaq istəyəndə, “yorğunam, sabah danışarıq” deyib keçərdi. O qadın isə hər dəfə sanki kövrək bir ümidlə söhbət etmək istəyəndə, onunla vaxt keçirtmək istəyəndə Əli soyuq və qısa cavablar verərdi. Qadının gözlərində bir inciklik, qəlbində susqunluq görərdi Amma Əli düşünərdü: “Hələ çox vaxtımız var, sabah danışarıq, sabah birlikdə gəzərik, sabah, sabah, sabah…


Amma bir gün oyandı və gördü ki, onun “sabah”ları artıq tükənib. Son dəfə “Səni sevirəm” deməyə belə vaxt tapmamışdı.


    Qoca gözlərini göyə dikdi. Sanki illərin ağrısı içində çözülürdü.


- Keçmişə qayıtmaq istərdim. Kaş ki, nənən hər səhər mənim üçün çay dəmləyərdi. Kaş ki, işdən yorğun gəlsəm də, onun gözlərinin içinə baxıb “Bu günün sənin üçün necə keçdi? ” deyə soruşardım. Kaş ki… ona “səni sevirəm” deyə bilərdim.


Nəvəsi ilk dəfə babasını bu qədər sarsılmış gördü. Kiçik əlləriilə onun əlindən tutdu və pıçıldadı:


– Sən nənəmi çox istəyirdin, baba, elə deyilmi?


Qoca kişinin gözləri doldu. Başı ilə təsdiqlədi.


– Çox, balam. Amma insan sevdiyini içində deyil, onun qulaqlarında, gözlərində, ürəyində hiss etdirməlidir Çox təəssüf edirəm ki, mənim üçündə gec oldu. Mən və nənən hər zaman bir-birimizi çox sevmişik Amma mən bu sevgini heç vaxt deyə bilmədim. Hər səhər bazardan onun sevdiyi alma növünü seçər, soyuq günlərdə pəncərənin qırağında oturan nənənin çiyninə sakitcə şal atardım. Amma bir dəfə də olsun “Səni sevirəm” deməmişdim. Sanki bu sözləri demək zəiflik kimi görünmüşdü mənə, eh gənclik…. Mən indi anlayıram sevgini həm demək, həm də yaşatmaq lazımdır. Kaş bir dəfə, sadəcə bir dəfə o üç kəlm ənideyəydim – “Mən səni sevirəm…”


Əli baba, nəvəsinin üzündəki həfif təbəssümü gördü və dərindən nəfəs aldı. Ürəyində bir rahatlıq hissi yaranmışdı. O, nəvəsinə yaxınlaşıb, əlini onun çiyninə qoydu və ürəyindən gələn sözlərlə dedi:


– Balaca, indi sənə bir şey deyəcəyəm, heç vaxt sevgi, anlayış və bağlılıq göstərmək üçün çox gözləmə. Əli baba nəvəsinin gözlərinə baxaraq, sözlərini daha dərindən, daha hissiyatlı söylədi:


– Həyat o qədər sürətli keçir ki, bəzən nəyinsə dəyərini anlamağa vaxt tapmırıq. Biz çox vaxt, sevdiklərimizə vaxt ayırmağı unuduruq. İşlər, problemlər, gündəlik məşğuliyyətlər arasında bir-birimizə nə qədər dəyər verdiyimizi unutmuş oluruq. Amma, ailə və sevdiklərimizlə keçirdiyimiz hər an, ömrümüzün ən qiymətli anlarıdır.


    Əli baba susdu, sözləri boğazında düyünləndi. Elə bu an, parkın yan tərəfindən asta addımlarla bir nəfər yaxınlaşdı. Əlində bağ qayçısı vardı, üst-başı torpağa bulaşmışdı, amma üzündəki dərinlik – illərlə susan bir adamın üzündəki yorğunluq kimi idi. O yaxınlaşaraq:


- Bağışlayın, söhbətinizi bölürəm, amma sizi təsadüfən eşitdim və özümü saxlaya bilmədim.


Parkdın yanındakı bağçada çalışan, adətən salam verib səssizcə işinə qayıdan bağban — bu dəfə çəkinmədən onlara yaxınlaşdı. Əlləri torpaqlı idi, amma səsi… səsi təmiz idi, içdən idi, yandırıcı idi.


- Bilirsiniz… Mən anamı itirəndə…  bir neçə il əvvəl… elə bildim nəfəsim dayandı.


Çünki, hər şeyi zamana buraxmışdım. Sözlərimi, qucaqlaşmaları, etirafları… Həmişə düşünürdüm ki, sabah da var. Amma… sabah bir daha gəlmədi. Əli baba başını yavaşca qaldırdı. Bağban bir anlıq nəfəsini dərdi, sonra daha alçaq səslə davam etdi:


- Həmişə elə bildim ki, bir “sonra” var.. Mən heç vaxt anama kifayət qədər vaxt ayırmadım.  Amma bu, onu sevmədiyimdən deyildi. Sadəcə… daim “vaxtım olacaq” sandım.  Sən demə, onun, ən dəyərli varlığımın qəlbini çox incidirdim.


– Bilirsiz… anam son zamanlarında tez-tez zəng edirdi. Deyirdi, “səni görmək istəyirəm, bala… heç olmasa gəl, üzünü görüm.” Mən isə… hər dəfə deyirdim, “İndi vaxtım yoxdur, ana, bağda işlər var, sonra gələrəm. ” Gah sabaha saxladım, gah o biri günə… Gözlədim ki, yaz gəlsin, güllər açılsın, bağ al-əlvan olsun – o vaxt gəlib oturaq birgə. Amma o yaz gəlmədi… Mənim anam o gül bağçaları açmamış bu dünyadan köçdü. Mən isə əlimdə çiçək yox, peşmanlıqla getdim onun cansız bədəninə. Mənə ən çox peşmanlıq yaşadan ölümündən bir gün əvvəl anamın “görüşümə gəl oğul, səni urəyim yaman istəyir” çağırışını  cavabsız qoymağım oldu. Mən hər şeyi o qədər sonralara saxladım ki… Son dəfə anamı görə bilmədim. . Bu günah, bu ağırlıq, mənimlə birlikdə ömrümün sonuna qədər daşıyacağım ən ağır yükdür.


Bağban dərindən nəfəs aldı. Sanki  içində saxladığı günahı axır ki, dilə gətirmişdi:


– İnsan hər şeyi zamana buraxır… Amma anlamır ki, zaman səssiz bir mişardır – sevdiklərini sənə hiss etdirmədən qoparır. Bilirəm, artıq gecdir. İndi nə desəm də, nə etsəm də – o geri dönməyəcək, bəzi peşmanlıqların qarşısını almaq olmur. İnsanlara sağlığında dəyər vermək lazımdır, bala… Çünki bəzən bir insan həyatdan gedir və onunla birgə içində elə bir parça qopur ki, sanki ruhunun bir hissəsini itirirsən. O itki, elə dərin, elə səssiz bir yaradır ki… illərlə qanamasa da, heç vaxt sağalmır. Sən o adamın yoxluğunda yaşamağa öyrəşirsən, amma içindəki o boşluğa heç nəyi yerləşdirə bilmirsən. Vaxt keçir, illər ötür… amma içində bir səs sənə hər gün xatırladır: “ Sən artıq gecikdin.”


Bağbanın səsi titrədi, əlindəki qayçını sıxdı. Gözlərini göyə dikdi, sonra yenidən Əli babaya çevrildi


— Bilirsiniz… sevgi və ölüm hər şeyi dəyişir. Biz isə bunların gələcəyini bilə-bilə susuruq. Həyatın ən böyük səhvlərindən biri də elə budur: sevgini təxirə salmaq. Hər şeyi zamana buraxırıq… amma heç düşünmürük ki, bizim zamanımız varmı?


Uğura tərəf bir addım atdı, səsi daha mülayimləşdi:


— Bala… sən oxuyaraq çox şeyi öyrənəcəksən. Amma elə şeylər var ki… ancaq sevərək anlayacaqsan.


Bağban başını yavaşca aşağı endirdi, sanki illərin günahı çiyinlərinə daha da ağır basdı. Uğur isə ilk dəfə həyatın nə qədər incə və amansız olduğunu hiss etdi — susqunluqda gizlənən kədər kimi.


Hava get-gedə soyuyurdu. Ağacların saralmış yarpaqları bir-birindən qoparaq yerə səpələnirdi. Əli baba nəvəsinin kiçik barmaqlarını öz iri, qırışmış əlləri arasında sıxıb oturmuşdu. Birdən ayaq səsləri eşidildi. O, başını qaldırıb baxdı, oğlu yaxınlaşırdı. Uzun gödəkçəsinə bürünüb, əllərini ciblərinə salmışdı.


– Ata, salam…


Əli baba yavaşca başını tərpədib gülümsədi:


– Xoş gəldin, oğlum…


Uğur atasını görən kimi sevincək ayağa sıçradı, qollarını atasının boynuna doladı.


Gözlərini atasının gözlərinə zillədi və gözlənilməz bir sual verdi: 


– Ata, sən məni nə qədər çox sevirsən?


Atası donub qaldı. Bir anlıq nə deyəcəyini bilmədi. Sual çox sadə idi, amma içində illərin cavabsız buraxdığı boşluqları daşıyırdı. O, təəccüblə Əli babaya baxdı – sanki Uğurun niyə belə soruşduğunu anlamağa çalışırdı. Onun gözlərində bir çaşqınlıq vardı.


Əli baba sakitcə başını aşağı salıb dərindən köks ötürdü. Sonra yavaş-yavaş danışmağa başladı:


– Mən Uğura hər şeyi danışdım… Sevgini deməyi, onu göstərməyi, sevgi üçün “sonra” olmadığını.


Bu sözlər oğlunun ürəyinə toxundu. O, gözlərini Uğura dikdi. Balaca oğlunun gözlərində həm suallar, həm  ümid qığılcımı vardı. Atası Uğuru qucağına aldı, bərk-bərk bağrına basdı. Gözlərini yumub onun saçlarını öpdü.


– Mən səni çox sevirəm, Uğur… səni bütün varlığımla sevirəm.


Sonra atasına – Əli babaya tərəf döndü. Gözləri dolmuşdu. Yavaşca onun yanına gəlib əllərindən öpdü. Əli baba təəccüblə baxsa da, oğlunun gözlərindəki sevgi və peşmanlıq hər şeyi deyirdi.


– Ata… Səni də lap çox sevirəm. Sən mənə hər şeyi vermisən: verdiyin ən dəyərli şey bu dərs oldu – sevgini vaxtında demək.


– Anam … Mən heç onu tanımadım, ata. O, məni dünyaya gətirəndə özü bu dünyadan getdi. Mən bir dəfə də olsun ona“ana” deyə bilmədim. Heç olmasa sən yanımda olardın… Kaş ki, olardın, ata…


Bu sözlər Əli babanı sarsıtdı. Ürəyində illərlə basdırdığı ağrı sanki təzədən canlandı. Oğlu haqlı idi , o, öz acısını işlə unutmağa çalışmış, oğluna  vaxt ayıra bilməmişdi.


Gözləri dolmuş halda oğluna baxdı:


– Oğlum, sən düz deyirsən. Mən hər şeyi düzəltmək istəyirdim, amma düzəltmək üçün sizdən uzaqlaşdım…


Oğlu başını aşağı saldı, səsində inciklik yox, daha çox təəssüf vardı:


– Ata… Mən səni günahlandırmıram. Sən səssiz fədakarlığınla bizə sevginin nə olduğunu öyrətdin… Çünki bəzən ən yüksək səslər sükutun içindən gəlir.  Sevgi — hər şeyin başlanğıcıdır. biz də səssizliyinin içində gizlənmiş sevgini sonradan anladıq.


Əli babanın gözləri yaşardı. dodaqları titrədi, danışmağa başladı:


– Sənin mənim səhvimi etməyəcəyinə əminəm, oğlum… Sevdiklərinə zaman ayır, onları gözlətmə… Əli baba başını tərpətdi. Gözləri dolmuşdu, amma içində bir rahatlıq vardı — deməli, o susqun ömrün içində nəyisə düz etmişdi deyə ürəyində düşündü.


Oğlu ayağa qalxdı:


– İcazə verirsən , indi gedim ata,   Uğura doğum günü üçün sevdiyi kitabı tapım. Bilirəm, gözləyir.


Əli baba gülümsədi:


– Gözlətmə. Həyat gözləyənləri sevməz…


Nəvə bir an babasının gözlərinə baxdı. Kiçik qollarını onun boynuna doladı, üzünü sinəsinə sıxdı. Və o an Əli baba hiss etdi ki, keçmişin boşluğunu gələcəyin sevgisi doldura bilər.


Əli baba başını tərpədib sevinclə gülümsədi.


Oğlu uzaqlaşdı, o isə arxasınca uzun-uzun baxdı. Əli baba nəvəsinin kiçik əllərini yenidən ovucuna aldı və astaca pıçıldadı:


– Balam … çox xoşbəxtəm sənin atan mənim səhvlərimi təkrarlamır. Nəvə bir anlıq babasının gözlərinə baxdı. Sonra kiçik qollarınıaçıb onu möhkəmcə qucaqladı.


Əli baba gözlərini yumdu və başını nəvəsinin çiyininə söykədi. O an, illərdir içində daşıdığı bütün yük, göz yaşlarına qarışıb səssizcə axdı…


Nəvəsi diqqətlə başını tərpətdi. Babasının dediklərini anlamış kimi göründü. Sonra birdən qollarını açıb babasının boynuna sarıldı.


- Baba, mən səni çooooox sevirəm!


-Mən də səni, ağıllı Uğurum, əziz nəvəm…. . Mən də səni…


İllər keçdi, Uğur böyüdü, məktəbi, universiteti bitirdi. Öz ailəsini qurdu. Hər səhər işə tələsəndə belə, kiçik qızına və həyat yoldaşına sarılmağı, hər fürsətdə onları  çox sevdiyini söyləməyi unutmadı. Ata olmaqla yanaşı, dəyəri vaxtında bilinən sevginin daşıyıcısı oldu. Bir vaxtlar Əli babasının dediyi sözlər indi onun gündəlik həyatının bir parçasına çevrilmişdi.

….Bir gün Uğur qızı ilə birlikdə  bir vaxlar babası ilə getdiyi o dogma parka gəldi. Əli baba ilə vaxtilə oturduqları skamyaya yaxınlaşdı. Skamyanın qocaman ağacların kölgəsində qalan hissəsində əyləşdi. Uğurun əlində babasının illər əvvəl ona bağışladığı köhnə kitabça var idi. Onun ilk səhifəsində bu sözlər yazılmışdı: “Sevgi söylənilməyən söz deyil, ruhun nəfəsidir.”

Uğur gözlərini yumdu. Bir anlıq sanki babasının nəfəsini hiss etdi.

Mədinə atasının əlindən tutdu, balaca barmaqlarıyla atasının əllərini sığalladı:

– Ata, burda nə var?

Uğur hüzn qarışıq  gülümsədi. Gözləri doldu, amma səsində bir rahatlıq vardı - babasına verdiyi sözləri tutmuş adamın rahatlığı.

-Bura mənim uşaqlığımın, babamla keçirdiyim ən gözəl günlərin şahididir.

Qızını qucaqlayaraq pıçıldadı:

– Səni çox sevirəm…

Mədinə atasının boynuna sarıldı.

– Mən də səni, ata… çox-çox, lap çox sevirəm!

“Sevgi üçün ən doğru zaman - indi.”dir

Və bu dəfə, heç kim gecikmədi.

    Birini sevmək gözəldir…Amma o sevgini vaxtında demək, vaxtında hiss etdirmək, əsl cəsarətdir. Sevgi – qəlbdə gizlənəcək qədər kiçik deyil, paylaşılacaq qədər böyükdür. Çünki sevgi – gizlədiləsi bir duyğu deyil, yaşanmalı və hiss etdirilməli bir sehrdir. Göstərilməyən sevgi  yavaş-yavaş solmağa başlayır, Varlığına şübhə yaranır,  və bir gün… sanki heç olmamış kimi yox olur. Heç vaxt həyata yenidən başlamaq üçün gec deyil, çünki hər yeni gün, keçmişin səhvlərini düzəltmək üçün bir fürsətdir. ”


    Əsl sevgi heç vaxt gecikməz, yetər ki, insan onu ifadə etməyə cəsarət tapsın. Çünki, sevgi, zamanın sərhədlərini aşan yeganə həqiqətdir…


Məryəm Bağırova




Sizin reklam burada
Sizin reklam burada