“Əfv komissiyasının iclaslarının yeganə predmeti məhkum olunmuş şəxslərdən daxil olmuş müraciətlərə baxmaqdır”.
Bunu Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev 12 fevralda keçiriləcək ilk iclasla bağlı danışarkən deyib.Komissiyanın əsas fəaliyyət istiqamətindən söz açan Əliməmməd Nuriyev qurumun mandatına daxil olan müraciətlərə baxmaq olduğunu bildirib:
“Əfv Komissiyasına yüzlərlə, hətta minlərlə müraciət daxil olur. Bu müraciət ya həmin şəxslərin özü, yada onların vəkilləri, deputatalar, ombudsman, yerli və beynəlxalq QHT nümayəndələri olur”.
Komissiya üzvü kimlərin əfv siyahısına daxil olacağının Prezidentin səlahiyyətinə aid olduğunu deyib:
“Ötən illərin təcrübəsinə baxaraq deyə bilərəm ki, daxil olan bütün müraciətlər araşdırılır, hər mürciətlə bağlı hazırlanan rəy Prezidentə təqdim olunur. Bundan sonra kimin əfv olunacağı ilə bağlı qərarı Prezident qəbul edir. Çünki əfv hüququ Prezidentin müstəsna – konstitutsion səlahiyyətidir.
Nuriyev bu günə qədər imzalanan sərəncamın 10 min nəfərə şamil olunduğunu vurğulayıb:
“1995-cü ildən bu günə qədər 70 əfv sərəncamı imzalanıb ki, bu da 10 mindən çox məhkuma şamil olunub. Sərəncamla kimlərsə cəzanın qalan hissəsindən azad olunub, bəzilərinin cəzası yarıbayarı azaldılıb. Bir qrup şəxsin isə məhkumluğu götürülüb. Bu əfv sərəncamlarının 33-ünü Heydər Əliyev, 37-sini isə İlham Əliyev imzalayıb.
“Qarşıdakı əfv daha çox kimlərə şamil olunacaq” sualına isə Nuriyev belə cavab verib:
“Kimlərin əfv sərəncamına düşüb-düşməyəcəyini öncədən demək mümkün deyil. Digər tərəfdən, qanuna görə, əfvlə bağlı hər bir məhkum və ya onun yaxınlarının komissiyaya müraciət etmək hüququ var. Əfv sərəncamı imzalanarkən hər hansı bölgü aparılmır. Vahid bir yanaşma var ki, Azərbaycan Konstitutsiyasına görə hər kəs qanun qarşısında bərabərdir. Əfv komissiyası da müraciətlərə baxarkən hamının qanun qarşısında bərabərlik prinsipindən çıxış edir.
Özünü müxtəlif adlarla adlandıran şəxslərin də adlarını zaman-zaman əfv siyahısında görmüşük. Əsas məsələ əfv olunmaq üçün müraciət edən şəxsin potensial islah olmaq imkanıdır.
Onun təhlükəlilik dərəcəsi aradan qalxmalı və cəmiyyət üçün təhlükə yaratmamasıdır. Ən əsas məsələ isə əfv olunan şəxsin cəmiyyət tərəfindən normal qarşılanmasıdır. Çünki imzalanan hər bir əfv sərəncamı cəmiyyətə müəyyən bir mesajdır”.