Xocalıda şəhid olan Məzahir Əbilov haqda sənədli filmin çəkilişi başa çatıb. Filmin təqdimatı fevralın 22-də, Nizami Kino Mərkəzində baş tutacaq.
News365.az-ın məlumatına görə, bu barədə Musavat.com-a filmin ssenari müəllifi, qazi Rey Kərimoğlu bildirib. Rey Kərimoğlu qeyd edib ki, rejissoru Roman Yaşar olan sənədli ekran işi 1992-ci il, fevralın 26-da Xocalı soyqırımı zamanı qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Əbilovun həyat və döyüş yolundan bəhs edir.
“Bir müddət əvvəl qəhrəman haqqında ATV-nin “Ağdam və mən” verilişində Yaqub Rzayevin (“Qatır Məmməd” - red.) döyüşçüləri danışmışdılar. Bundan sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Avrasiya Media Şəbəkəsi” qəhrəman haqda maraqlanıb, onun şərəfli döyüş yolundan bəhs edən film hazırlamağı qərara aldı", - ssenari müəllifi daha sonra bildirib.

Rey Kərimoğlu Musavat.com-a filmin baş qəhrəmanının keçdiyi döyüş yolundan danışarkən bildirib ki, polis kimi I Qarabağ döyüşlərinə qatılan Məzahir Əbilov1992-ci ildə ermənilərin Xocalıda törətdikləri vəhşilik zamanı soydaşlarımızı xilas edərkən itkin düşüb və yaxınları illərdir onun yolunu gözləyir. Lakin, şahid ifadələrinə görə, Məzahir Əbilov qanlı döyüşlərdə şəhid olub: “Məzahir Əbilov qəhrəmanlığı onu yaxından tanıyanlara məlum olsa da, ölkə boyunca ictimailəşməyən şəhiddir. O, əfsanəvi qəhrəmandır”.
R.Kərimoğlu qeyd edib ki, 1992-ci ilin 25 fevralında Xocalıda sonadək döyüşüb: “O, fevralın 26-sı da Xocalıda olub. Yaralansa da, sona qədər döyüşüb. Ayın 27-si də yaralı halda qəhrəmanlıq edib. O zaman dəhşətli soyqırım olsa da, Xocalı camaatı dağ-daşa səpələnmiş halda xilas olmağa çalışırdı. Məzahir Əbilov Xocalıdan çıxa bilərdi, amma çıxmayıb. Güman ki, o, əsir düşüb. Şahidlər bu barədə filmdə də danışırlar. Sonuncu onu görən adamlar qəhrəmanlığından ətraflı bəhs edirlər. Əsirlikdən qayıdan xocalılardan biri deyir ki, Məzahir adlı bir oğlan var idi. Dedi k, mən Ağdamın Muğanlı kəndindənəm, atama deyin, məni qaytarmaq üçün əbəs yerə əziyyətlər çəkməsin, çünki ermənilər məni sağ buraxmayacaqlar. O bilirmiş ki, qəhrəmanlığına görə düşmən onu salamat qoymayacaq. Belə qəhrəman, torpağa bağlı döyüşçü sonadək mübarizə aparıb”.
Qarabağ qazisi həbçinin bildirib ki, M.Əbilovdan başqa 6 polis də onunlu birgə itkin düşüb: “Onların sonrakı taleyi barədə dəqiq məlumat yoxdur, amma onu sonuncu dəfə fevralın 27-si gecə görüblər. Sənəm Abdullayeva adlı Xocalı sakini deyib ki, mən qızımı od-alovun içərisindən çıxara bilmirdim, Məzahir kömək etdi, gətirdi. Bizi xilas edərkən gördü ki, qoca kişilər, qadınlar, yaralılar var, xilas olmağa çalışırlar. Bu zaman deyib siz gedin, mən bunlara da kömək edim. Başqaları isə deyir ki, Xocalıdan Ağdam istiqamətinə 3-4 dəfə yaralıları, qadın, qocaları gətirib təhlükəsizlik yerə ötürürmüş, yenidən qayıdırmış. Sənəm Abdullayeva deyir bu, fevralın 27-si olub”.
R.Kərimoğlu güman edir ki, qəhrəman döyüçümüz erməni canilər tərəfindən qətlə yetirilib. Onu da əlavə edib ki, Xocalıda kütləvi qəbristanlıqlar aşkarlanıb və filmin baş qəhrəmanının da həmin ərazilərdə basdırıldığı güman olunur. Məzahir Əbilovun ailə üzvlərindən də DNK analizləri götürülüb, lakin hələlik nəticə yoxdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!