Azərbaycanda "ƏDV geri al" sistemində əhəmiyyətli yeniliklər gözlənilir.
Yaxın günlərdə planlaşdırılan tam avtomatlaşdırılmış mexanizm vətəndaşların alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin geri alınmasını daha sürətli və rahat edəcək
. Yeni model çərçivəsində bank kartı ilə ödəniş edilən zaman kassa çekinin məlumatları avtomatik olaraq elektron sistemə daxil olunacaq və geri qaytarılma üçün müraciət prosesi minimum səviyyəyə enəcək.
Layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Birbank (Kapital Bank) və PAŞA Bank ilə birlikdə həyata keçiriləcək. Qurumun rəhbəri Orxan Nəzərli bildirib ki, bu təşəbbüs həm şəffaflığı yüksəldəcək, həm də vətəndaşların ƏDV-ni daha operativ şəkildə əldə etməsinə imkan yaradacaq.
.İqtisadçı deputat Azər Badamov mövzu ilə bağlı fikrini bildirib: "ƏDV geri al sisteminin tətbiqi dövriyyənin şəffaflaşmasında böyük rol oynayıb. Alıcılar ƏDV-ni geri ala bildiklərindən mütləq şəkildə alışlarına görə çek tələb edirlər. Amma çek alındıqdan sonra müəyyən prosedurlar var ki, bunu da hamı edə bilmir və əlavə çətinliklər meydana çıxır. Yeni tətbiq olunacaq sistemlə nağdsız əməliyyatlarda çeki alıb ayrıca yükləməsinə ehtiyac qalmayacaq. Çünki hər bir alış kassaya vurulanda kart sahibinin hesabında avtomatik oturacaq. Bu da alıcıları əlavə əməliyyatların aparılmasından azad olunmasına və müraciət prosesi minimuma enəcəyi üçün ƏDV vəsaitinin hesabınıza qayıtmasının daha tez baş verməsinə yol açacaq".