Müharibənin başladığı ilk gündən Brent markalı neftin qiyməti sürətlə yüksəlməyə davam edir və hal-hazırda Brent markalı neft 100 dolları keçib. Müharibənin uzun müddət davam edəcəyi təqdirdə neft qiymətlərinin 120-130 dolları keçməsi də mümkün ehtimallar sırasındadır.
Müharibənin kritik məqamlarından biri Xark adasının strateji mövqeyidir. Bu ada İranın neft ixracının əsas hissəsinin yüklənib göndərildiyi terminala ev sahibliyi edir və strateji nöqtə kimi qiymətləndirilir. Əgər İsrail və ABŞ Xark adasına ciddi zərbələr endirərsə və ya adanı nəzarətə götürərsə, İranın neft çıxarışı kəskin şəkildə azalacaq. Bu isə Brent neftinin qiymətini daha da yüksəldəcək. Beynəlxalq iqtisadiyyat üçün bu ssenari beynəlxalq inflyasiya və ticarət balansının pozulması riskini yüksəldəcək.
İran iqtisadiyyatı üçün Xark adasının təhlükədə olması böyük maliyyə itkisi deməkdir. Bu ada ölkənin neft gəlirlərinin əsas mənbəyi olduğundan, hər hansı zərbə Tehran üçün ciddi büdcə defisiti və valyuta təzyiqləri yaradacaq. Uzunmüddətli müharibə və Xark adası ilə bağlı risklər İranın iqtisadi sabitliyinə ciddi təsir göstərəcək və daxili bazarda qiymət artımlarını sürətləndirəcəkdir.
Azərbaycan üçün isə qiymətlərin yüksəlməsi ölkəmizin neft ixracından əldə etdiyi gəlirləri artıraraq dövlət büdcəsinə əlavə resurslar gətirir. Lakin müharibənin uzun müddət davam etməsi, idxal xərclərinin yüksəldəcək və daxili bazarda inflyasiya təzyiqləri kimi riskləri də artıracaq. Hazırda Avropa ölkələri Rusiyadan qaz tədarükündə qeyri-müəyyənlik yaşayır, buna görə də Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə strateji əhəmiyyətini gücləndirir.
Ümumiyyətlə müharibə və Xark adası ssenarisi, yalnız Brent neftinin qiymətinə deyil, həm də beynəlxalq enerji bazarına, dünya iqtisadiyyatına və İran iqtisadiyyatına birbaşa təsir göstərəcək.
İqtisadçı Əli Səlimov