"Məşhur bir ifadə var ki, onu müəyyən şəxsin adı ilə bağlayırlar, amma zaman keçdikcə onun doğruluğu sübut olunub: “Dövlətlərin daimi dostları yoxdur, daimi maraqları var.” Biz də Güney Qafqazın təhlükəsizliyi üçün altılı formatı daha əlverişli hesab edirdik. Fikirləşirdik ki, bölgə dövlətləri bu formatda iştirak edərək hər hansı fitnə-fəsaddan imtina edərlər."
Politoloq Əli Mustafa bunu News365.az-a deyib.
Bu, regionda davamlı sülhün bərqərar olmasına töhfə verə bilərdi. Eyni zamanda, bu format xarici güclərin destruktiv təsirindən də qorunmaq üçün bir fürsət ola bilərdi.
Lakin zaman göstərdi ki, siyasət daim yenilənən və mürəkkəb bir sahədir. Xüsusilə, İran və Rusiyanın son dövrlərdəki davranışları və mövqeyi göstərdi ki – bu, əlbəttə ki, mənim şəxsi qənaətimdir – biz bu formata müəyyən dəyişikliklər etməliyik. Hesab edirəm ki, bölgə dövlətləri çərçivəsində üç Cənubi Qafqaz ölkəsinin – Azərbaycan, Ermənistan və Gürcüstanın birliyini daha optimal model kimi dəyərləndirə bilərik.
Bu üç ölkə arasında münasibətlərin fərqli bir formatda və daha əlverişli bir mühitdə qurulmasına ehtiyac var. Belə bir əməkdaşlıq yeni dünya düzəninə uyğun bir model ola bilər.
Bundan əlavə, Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidanın son səfəri ilə bağlı mediaya sızan rəsmi məlumatlara əsaslansaq, görünür ki, Türkiyə də bölgədə sülh və qarşılıqlı anlaşmanın tərəfdarıdır. Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması üçün müsbət addımların atılması vacibdir."