"Ermənistanın ABŞ ilə imzaladığı yeni sənəd haqqında danışmağa dəyməz. Bu sənəd Ermənistana süni ruh yüksəkliyi verir və onlar elə düşünürlər ki, dua edəcəklər və Trampın aviadaşıyıcı gəmisi Qara dənizə gələcək. Ermənilər hesab edirlər ki, Azərbaycan və Ermənistanı ABŞ hərbçiləri qoruyacaq və ölkədə heç bir böhran olmayacaq."
Politoloq Elçin Alıoğlu bunu News365.az-a deyib.
"Analoji sənədlər vaxtilə Gürcüstan və Ukrayna ilə də imzalanmışdı. Lakin ABŞ nə Gürcüstanın, nə də Ukraynanın təhlükəsizliyini təmin edə bildi. 2008-ci ildə Gürcüstan işğal olunanda ABŞ heç bir addım atmadı. 2014 və 2020-ci illərdə Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayanda da ABŞ yalnız bəyanatlarla kifayətləndi. Ermənistanın taleyinin fərqli olacağını düşünmək sadəlövhlük olardı.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan silahlanmanı dayandırmalıdır. Əgər sabah müharibə baş verərsə, heç bir Qərb dövləti Ermənistanın yanında olmayacaq. Çünki Ermənistan Qərb üçün strateji əhəmiyyət kəsb etmir. Ermənistana verilən rol isə aydındır: Azərbaycanı təxribata çəkmək, hərbi xərclərini artırmağa sövq etmək və İranla Rusiyanın Cənubi Qafqazdakı təsirini azaltmaq. Lakin İran və Rusiyanın təsir imkanlarının azaldılacağı real görünmür. İran Prezidenti Məsud Pəzeşkianın Rusiyaya səfər edərək Vladimir Putin ilə strateji tərəfdaşlıq haqqında saziş imzalaması da bunun bariz nümunəsidir.
Bütün bunlar Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken ilə imzaladığı sənədə cavab idi. Həmin sənəd əslində Azərbaycan üçün bir təxribat idi. ABŞ hələ də Co Baydenin siyasətini davam etdirir, lakin dünya Baydenin bacarıqsız siyasətindən qurtulmağa ümid edir. Sənəddə “layiqli sülh” ifadəsi yer alır, lakin Azərbaycana “layiqli sülh” deyil, ədalətli sülh lazımdır. Ermənistanın mövqeyini nəzərə alaraq, onun xətrinə dəyməmək üçün edilən güzəştlər “layiqli sülh” adlandırılır. Lakin bu, əslində ədalətsizliyin leqallaşdırılmasıdır.
Azərbaycan Cənubi Qafqazda hərbi, strateji, siyasi və maliyyə baxımından ən güclü dövlətdir. Donald Tramp administrasiyası bunu mütləq nəzərə alacaq. Trampı liberal dəyərlər və ya feminizm maraqlandırmır. Onu yalnız ABŞ-ın güclənməsi və geosiyasi maraqları düşündürür.
Tramp artıq Avropa İttifaqının və NATO-nun transformasiyasına start verib. O, NATO üzvlərinin müdafiə xərclərinin ÜDM-in ən azı 5%-nə çatdırılmasını tələb edir. Hazırda bu göstərici 2-3% civarındadır. Avropa İttifaqı ABŞ-lə yeni ticarət sazişi imzalamağa məcbur olacaq.
BMT-nin Azərbaycanla bağlı siyasətində isə yaxın gələcəkdə köklü dəyişikliklər qaçılmazdır.