“Tarix yalnız anılmaq üçün deyil, eyni zamanda dərs çıxarmaq lazımdır”- Politoloq

“Tarix yalnız anılmaq üçün deyil, eyni zamanda dərs çıxarmaq lazımdır”- Politoloq
16:31

“20 Yanvar tarixi Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.

Politoloq İlyas Hüseynov bunu News365.aza deyib. 

“Bu günü həm qəhrəmanlıq səhifəsi, həm də sovet rəhbərliyinin xalqımıza qarşı törətdiyi misli görünməmiş cinayət kimi qiymətləndirmək olar. Xüsusilə vurğulamaq lazımdır ki, ümummilli lider Heydər Əliyev hələ hadisənin ertəsi günü Moskvada yerləşən Azərbaycanın daimi nümayəndəliyinə gələrək faciəyə hüquqi və siyasi qiymət vermişdir. O dövrün mürəkkəb və təhlükəli siyasi şəraitinə baxmayaraq, Heydər Əliyev bu qanlı hadisəni qətiyyətlə pisləmiş, Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmışdır. Müstəqillik əldə edildikdən sonra isə bu faciəyə rəsmi hüquqi-siyasi qiymət məhz ulu öndər tərəfindən verilmişdir.

Bu tarixin gələcək nəsillərə ötürülməsi və yaşadılması müstəsna əhəmiyyət kəsb edir. 20 Yanvar hadisələri yalnız bir faciə deyil, həm də xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin şanlı səhifəsidir. Azərbaycanın müasir tarixində baş vermiş bu dəhşətli faciə ilə bağlı geniş maarifləndirmə işləri aparılır, o cümlədən məktəblərdə və ali təhsil müəssisələrində bu mövzuda dərslər keçirilir, sənədli filmlər çəkilir, elmi araşdırmalar aparılır. Azərbaycan xalqı öz şəhidlərini daim ehtiramla anır və onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq üçün səylərini davam etdirir.

20 Yanvar hadisələrinin tarixi ədalət baxımından qiymətləndirilməsi də vacib məsələdir. Bu faciəyə yalnız milli yox, beynəlxalq səviyyədə də hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan xalqı baş verən hadisələrin mahiyyətini dərindən anlayaraq, onu unutmur və daim xatırlayır. Çünki tarix yalnız anılmaq üçün deyil, eyni zamanda ondan dərs çıxarmaq üçündür. Bu proses davam etdirilməli və gələcək nəsillər tərəfindən daha da genişləndirilməlidir. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq, onların fədakarlığı isə Azərbaycan xalqının mübarizlik ruhunun rəmzi olaraq qalacaqdır.”