Ukrayna-Rusiya müharibəsinin qlobal təsirləri və bu münaqişədən fayda götürən qüvvələr barədə fikirlərini bölüşən politoloq Əhməd Şahidov News365.az-a bildirib ki, müharibələr bir sıra böyük dövlətlər, şirkətlər və güc mərkəzləri üçün həm siyasi-strateji üstünlük, həm də maliyyə qazancı deməkdir.
“Müharibələr zamanı yalnız mövqe deyil, milyardlarla dollar gəlir də əldə olunur. Məsələn, Ukrayna-Rusiya müharibəsi fonunda ən çox qazanan tərəf, şübhəsiz, ABŞ-dır. Biden administrasiyası dövründə Ukraynaya milyardlarla dollarlıq silah yardım kimi təqdim olundu. Lakin Tramp dönəmində bu yardımın maliyyə qarşılığını geri almağa çalışırlar”, – deyə politoloq bildirib.
Əhməd Şahidov vurğulayıb ki, bu proses ABŞ-ın hərbi-sənaye kompleksinin davamlı işləməsinə və inkişafına səbəb olub: “Silah istehsal edən ölkələr üçün bu vəziyyət istehsalın sürətlənməsi, yeni silahların hazırlanması və onların digər ölkələrə satılması deməkdir. ABŞ bu baxımdan həm Ukraynaya, həm də Ukrayna müharibəsindən sonra təhlükəsizliyindən narahat olan Avropa ölkələrinə silah satışı ilə böyük maliyyə gəlirləri əldə edir”.
Politoloq qeyd edib ki, Avropa ölkələri bu günə qədər kollektiv təhlükəsizlik sistemini müstəqil şəkildə qura bilməyib və daim ABŞ-dan asılı vəziyyətdə olub: “Müharibədən sonra bu asılılıq daha da artdı. ABŞ Avropanın əsas silah tədarükçüsünə çevrildi”.
O, həmçinin əlavə edib ki, bu prosesdə qazanan tərəflərdən biri də Çindir: “Dünyanın diqqətinin Ukrayna-Rusiya müharibəsinə yönəlməsi, eyni zamanda Rusiyanın yeni hücum və müdafiə silahları əldə etməsinə şərait yaradır. Bu, Rusiya üçün də mühüm strateji fürsətlər yaradır”.