Rəsmi açıqlamalara inanmaq lazımdır - Tural İrfan yazır

Rəsmi açıqlamalara inanmaq lazımdır - Tural İrfan yazır
09:21
Son günlər təxribatçılar tərəfindən bəzi yalan məlumatlar, şayiələr yayılır, dezinformasiya tirajlanır. Uymamaq lazımdır. Əsasən Güney Azərbaycan əhalisi ilə Azərbaycan xalqı arasında nifaq salmaq üçün şüubiyyə həşşaşiləri hərəkətə keçib. Guya İranın bombalanmasında Azərbaycanın rolu var. Bu, tamamilə yalan, əsassız, şər-böhtandır. Əksinə, Azərbaycan İsrail rəhbərliyinə Cənubi Azərbaycandakı soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mesaj göndərib: mesaj İsrailin İrandakı azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməkdən ibarətdir.
Batini həşşaşi qruplar müxtəlif sahələrə soxularaq psixoloq, ilahiyyatçı, dinşünas, tarixçi, sosioloq ünvanı, maskası taxmaqla təqiyyə donunda gizlənib təsir göstərərək cəmiyyəti çaşdırmağa cəhd edirlər.
Hətta Cümə günü minbərə çıxıb siyasi xütbə oxuyaraq dini siyasiləşdirənlər də var. Tolerantlığımıza təhdid yaratmaq istəyənlər, sosial şəbəkələr vasitəsi ilə söyüş, təhqir yağdıranlar da aktivləşib.
Şübhəsiz ki, elələri dövlətin aidiyyəti orqanı tərəfindən nəzarətdə olmalı, barələrində (vaxtında!) tədbir görülməlidir.
Unudulmamalıdır ki, bütün məsələlərdə dövlətin qanunu və mövqeyi hər şeydən üstündür. Kiminsə simpatiyası, sevgisi, rəğbəti yaxud nifrəti müxtəlif ola bilər. Lakin dövlətin mövqeyi olan yerdə hər kəs öz hisslərini, şəxsi ambisiyalarını kənara qoymalıdır. Vacib olan dövlətin mövqeyinə tabe olmaqdır. Vətəni sevmək təkcə bayrağa bürünmək yaxud profilə şəklini qoymaqla olmur. Əyani şəkildə, əməli olaraq sübut etməklə olur.
Rəsmi açıqlamalara inanmaq lazımdır. Kənar, xarici təsirlərdən qaynaqlanan təxribatçı dezinformasiyalara uymaq, inanmaq sadəlövhlük və cahalətdir.
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada