Yeni ana olmuş qadınlar ginekoloqla məsləhətləşərək doğuşdan yalnız bir-iki ay sonra idmanla məşğul olmağa başlaya bilərlər.
Bu barədə fitnes məşqçisi İrina Maltseva "Gazeta.Ru" nəşrinə danışıb.
O bildirib ki, doğuşdan sonra qadınlar ilkin mərhələdə yalnız bərpaedici məşqlərə üstünlük verməlidirlər:
"Doğuşdan sonra idman məşqlərinə qayıdış səbir və fərdi yanaşma tələb edir. Bütün qadınlar üçün eyni vaxt çərçivəsi yoxdur. Əsas şərt ondan ibarətdir ki, adətən doğuşdan altı-səkkiz həftə sonra fiziki fəaliyyətə başlamaq üçün ginekoloqdan icazə alınmalıdır".
Mütəxəssisin sözlərinə görə, doğuşdan sonrakı ilk altı-səkkiz həftə ərzində yalnız dərin əzələləri aktivləşdirməyə yönəlmiş yüngül bərpaedici məşqlər icra olunmalıdır. Bu mərhələnin məqsədi qan dövranını yaxşılaşdırmaq, əzələ tonusunu bərpa etmək və tromboz riskinin qarşısını almaqdır.
"Bu dövrdə diafraqmatik nəfəs alma, çanaq dibi üçün yumşaq Kegel məşqləri (yalnız tikişlər tam sağaldıqdan sonra), ayaqların yüngül sürüşdürülməsi və uzanıqlı vəziyyətdə çanağın qaldırılması kimi hərəkətlər tövsiyə olunur. Qaçış, tullanma, ağırlıqqaldırma, kəskin hərəkətlər, planka və omba ilə qalxma kimi məşqlər isə qəti şəkildə məsləhət görülmür", - deyə o qeyd edib.
İrina Maltseva vurğulayıb ki, qeysəriyyə əməliyyatından sonra bərpa prosesi daha uzun çəkir. Bu halda hər hansı ağırlıqqaldırma fəaliyyəti iki-üç ay müddətində qadağan edilir.
"Dörd-altı aydan əvvəl qarın əzələlərinə yönəlmiş hərəkətlər, ağırlıqqaldırma və planka etmək təhlükəlidir. Bu, rektus abdominis əzələlərinin diastazına, yəni aşağı qarın əzələlərinin ayrılmasına, eləcə də yırtıqların yaranmasına səbəb ola bilər", - deyə məşqçi əlavə edib.