Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində son 3 ildə 10 minə yaxın vədəndaş doğma dədə-baba ocaqlarına qayıda bilib. Böyük Qayıdış proqramının gerçəkləşməsi hesabına, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürüləcək. Bu isə növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir. Deməli, yaxın zamanda paytaxtımız və digər mərkəzi şəhərləri böyük ölçüdə yükdən azalacaq.
Bəs, Böyük Qayıdış Bakıda mənzil bazarına niyə təsirsiz qalıb?
Suala daşınmaz əmlak üzrə ekspert Elnur Azadov aydınlıq gətirib. News365.az–a açıqlamasında o bildirib ki, məcburi kökçünlər əsasən yataqxanalarda məskunlaşıb:
“Həmin yataqxanalar artıq öz resurslarını itiriblər. Artıq onların mənzil bazarında hansısa şəkildə rolu yoxdur. Digər qisim insanlar dövlət hesabına tikilmiş xüsusi mənzillərdə yaşayır. Bu adamların geri dönüşü də mənzil bazarına təsirsizdir. Doğrudur, Böyük Qayıdış proqramı sayəsində Bakıda əhalinin sayı müəyyən qədər azalacaq. Ancaq bunun da daşınmaz əmlak bazarına elə də ciddi təsiri olmayacaq. Çünki, 30 il müddətində məcburi köçünlər Bakı şəhərində və ətraf ərazilərdə çox sayda daşınmaz əmlak əldə ediblər. Ona görə də heç də bütün əmlak sahiblərinin hamısı geri qayıtmayacaq. Ümumiyyətlə qayıdış prosesi könüllük prinsipinə əsasən aparılır. Bu səbəbdən də məcburi köçün ailəsinin hansısa üzvü Bakıda qazanılmış mənzildə öz həyatını davam etdirəcək. Beləliklə də daşınmaz əmlak bazarında təklifin tələbi üstələcəyi ehtimalı yoxdur. Ona görə də Böyük Qayıdış proqramı mənzil bazarına təsirsiz olacaq”
News365.az.