Çin və ABŞ arasında münasibətlərdə yeni səhifə açıla bilər

Çin və ABŞ arasında münasibətlərdə yeni səhifə açıla bilər
10:35

ABŞ və Çin arasında münasibətlərdə müəyyən yumşalma siqnalları müşahidə olunur. Son dövrlərdə tərəflər arasında planlaşdırılan yüksək səviyyəli görüşlərin tarixinin bir neçə dəfə dəyişdirilməsi regiondakı siyasi proseslər və qlobal münasibətlərlə əlaqələndirilirdi. Politoloq Elşən Mustafayev hesab edir ki, görüşün baş tutması tərəflərin ilkin mərhələdə bəzi məsələlər üzrə ortaq məxrəcə gəlməsi ehtimalını artırır.

News365.az-a açıqlama verən politoloq bildirib ki, ABŞ və Çin kimi böyük güclər nəticəsiz qalacaq görüşlərə maraq göstərmir:

“Əgər görüş reallaşıbsa, bu o deməkdir ki, müəyyən məsələlərin müzakirəsində tərəflər arasında ilkin razılaşma və ya müsbət dinamika yaranıb. Əks halda nə Çin rəhbərliyi, nə də ABŞ tərəfi belə görüşə getməzdi”.

Ekspert qeyd edib ki, bütün problemlərin həll olunacağını söyləmək mümkün deyil. Onun fikrincə, xüsusilə Yaxın Şərq, Tayvan və digər geosiyasi məsələlərdə tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Bununla belə, əvvəlki dövrlərlə müqayisədə münasibətlərdə daha yumşaq ritorikanın ortaya çıxması mümkündür.

Elşən Mustafayev Donald Trampın siyasi üslubunun bu proseslərdə mühüm rol oynadığını da vurğulayıb. O bildirib ki, Trampın Çinlə münasibətlərə yanaşması əvvəlki ABŞ administrasiyalarından fərqlənir və bu fərq hazırkı siyasi atmosferə də təsir edir.

Politoloqun sözlərinə görə, Çin rəhbərliyi də Tramp faktorunu nəzərə alır və onun hakimiyyəti dövründə münasibətlərdə müəyyən yumşalma əldə etməyin mümkün olduğunu düşünür. Bununla yanaşı, ekspert hesab edir ki, bu proses daha çox liderlərin şəxsi münasibətləri və siyasi yanaşmaları ilə bağlıdır.

O əlavə edib ki, Co Bayden dövrü ilə müqayisədə Trampın müxtəlif ölkələrə, o cümlədən Tayvan məsələsinə münasibəti fərqlidir və bu fərqlər ABŞ-ın xarici siyasət kursunda da özünü göstərir.



Sizin reklam burada
Sizin reklam burada