Cəhalət

Cəhalət
09:29
İnsan bəzən ömrünün illərini məktəb partası arxasında keçirir, saysız-hesabsız kitablar oxuyur, böyük mütəfəkkirlərin fikirlərini öyrənir, imtahanlardan uğurla keçir, diplomlar əldə edir, lakin bütün bunların sonunda öz düşüncəsinin əsirinə çevrilməkdən xilas ola bilmir. O, başqalarının səhvlərini müəyyənləşdirəcək qədər məlumatlı, lakin öz səhvlərini görəcək qədər cəsarətli olmaya bilər. Həqiqətdən danışar, amma həqiqət onun şəxsi qənaətləri ilə toqquşanda ondan üz döndərər. Azad düşüncəni müdafiə edər, lakin qarşısında fərqli düşünən bir insan gördükdə onun fikirlərini dinləmək əvəzinə susdurmağa çalışar. Ən qəribəsi isə budur ki, insan bütün bu ziddiyyətləri yaşadığı halda özünü düşünən, araşdıran və həqiqəti anlayan biri hesab edə bilər. Bəs insanı həqiqətən savadlı edən nədir?, Onun yaddaşında topladığı məlumatların miqdarı, yoxsa həmin məlumatların köməyi ilə dünyanı anlamaq bacarığı?, İnsanın neçə kitab oxuduğu, yoxsa oxuduğu kitablardan sonra öz düşüncəsinə neçə sual verdiyi?, Bir insanın böyük şəxsiyyətlərin adlarını bilməsi onların ideyalarını anladığını göstərirmi?, Yoxsa bəzən biz mütəfəkkirlərin adlarını öyrənməklə kifayətlənir, onların mübarizə apardıqları düşüncə tərzini isə fərqinə varmadan öz həyatımızda yaşatmağa davam edirik? Bu suallarım yalnız təhsilin keyfiyyəti ilə bağlı deyil. Bunlar insanın özünü tanıması, həqiqətə münasibəti, mənəvi məsuliyyəti və cəmiyyətin gələcəyi ilə əlaqəli fundamental suallardır. Çünki cəhalət həmişə savadsızlıq şəklində görünmür. Bəzən insanın əlində kitab olur, amma zehnində sual yoxdur; dilində elm olur, amma düşüncəsində araşdırma yoxdur, davranışında mənəviyyatın əlamətləri görünür, amma başqasının fərqli düşüncəsinə qarşı dözümlülük çatışmır. Belə hallarda problem məlumatın yoxluğundan daha mürəkkəbdir: insanın bildikləri ilə düşündükləri, düşündükləri ilə etdikləri arasında uçurum yaranır. Təhsil həmin uçurumu aradan qaldırmağa xidmət etməlidir. Məktəb insanın zehninə məlumat yerləşdirən bir müəssisə olmaqdan daha artıq məna daşıyır. O, insanın öz qənaətlərini yoxlamağı, səbəb və nəticə əlaqələrini anlamağı, sübutla fərziyyəni ayırmağı, fərqli fikirləri müqayisə etməyi və lazım gəldikdə yanıldığını qəbul etməyi öyrəndiyi bir mühit olmalıdır. Əgər təhsil insanı yalnız mövcud məlumatları təkrarlamağa alışdırırsa, onun imkanlarından tam istifadə edilmir. Əgər təhsil insana müstəqil düşünmək, sual vermək və əsaslandırılmış nəticələrə gəlmək bacarığı qazandırırsa, o zaman insanın dünyagörüşündə həqiqi dəyişiklik üçün zəmin yaranır. Məhz buna görə məktəbdə öyrədilən ədəbiyyat, tarix, fəlsəfə və digər elmlər sadəcə fənn proqramının hissələri deyil. Onlar insanın özünü və cəmiyyəti dərk etməsi üçün vasitələrdir. Xüsusilə Azərbaycan maarifçilik irsi bu baxımdan böyük əhəmiyyət daşıyır. Mirzə Fətəli Axundzadənin, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və başqa ziyalılarımızın yaradıcılığı bizə yalnız keçmişin ədəbi nümunələrini təqdim etmir. Onların əsərlərində insanın düşüncə azadlığı, cəmiyyətin tərəqqisi, elmin əhəmiyyəti, nadanlığın nəticələri, dini fanatizm, sosial ədalətsizlik və mənəvi məsuliyyət kimi məsələlər də öz əksini tapır. Bu şəxsiyyətləri öyrənmək onların adlarını sadalamaqdan, əsərlərini əzbərləməkdən və yaradıcılıqları haqqında imtahan suallarına cavab verməkdən ibarət olmamalıdır. Onların irsini öyrənmək, ilk növbədə, həmin əsərlərin doğurduğu suallarla üzləşmək deməkdir. Nə üçün cəmiyyətlər bəzən elmin və maarifin əhəmiyyətini qəbul etməkdə çətinlik çəkirlər?, Nə üçün insanlar özlərinə tanış olan yanlış fikirləri yeni həqiqətlərdən daha rahat qəbul edirlər?, Nə üçün bəzi insanlar öz inanclarını müdafiə etdiklərini düşünərkən başqalarının hüquqlarına hörmət etməyi unudurlar?, Nə üçün insanın tərəqqisinə mane olan bir düşüncə tərzi nəsildən-nəslə ötürülə bilir? Bu sualların cavabı bizi həm tarixə, həm psixologiyaya, həm də fəlsəfəyə aparır.
Mirzə Fətəli Axundzadə 15-əsr Azərbaycan ictimai fikrinin mühüm simalarından biri kimi maarifçiliyin, elmin və düşüncə yeniliyinin müdafiəsinə böyük əhəmiyyət verirdi. Onun yaradıcılığında dövrün ictimai münasibətlərinə, təhsilə, dini fanatizmə və köhnəlmiş düşüncə formalarına tənqidi münasibət mühüm yer tuturdu. Axundzadənin ideyalarını müasir dövrdə anlamaq üçün onları yalnız tarixi şəraitin məhsulu kimi nəzərdən keçirmək kifayət deyil. Eyni zamanda, həmin ideyaların arxasında dayanan əsas problemi — insanın düşüncəsinin hansı hallarda məhdudlaşmasını — araşdırmaq lazımdır. Axundzadənin irsi bizə düşüncənin nüfuz qarşısında necə davranması barədə də suallar verir. Bir fikir yalnız qədim olduğu, çoxları tərəfindən qəbul edildiyi və ya nüfuzlu bir şəxs tərəfindən söylənildiyi üçün mütləq doğru sayılmalıdırmı? İnsan hər hansı qənaətin səbəblərini araşdırmadan onu qəbul edirsə, bu, onun həqiqətə münasibətini nə dərəcədə ifadə edir? Fəlsəfənin əsas vəzifələrindən biri məhz belə suallar vasitəsilə insanın hazır qənaətlərini araşdırmaqdır. Lakin burada mühüm bir fərqi də qorumaq lazımdır: hər bir ənənəni cəhalət adlandırmaq nə qədər yanlış olarsa, hər bir ənənəni yalnız qədimliyinə görə mütləq həqiqət hesab etmək də bir o qədər problemli yanaşmadır. Ənənələrin içində insanları birləşdirən, mənəvi məsuliyyəti gücləndirən, mərhəməti və qarşılıqlı yardımı təşviq edən dəyərlər mövcuddur. Bununla yanaşı, tarixin müəyyən mərhələlərində formalaşmış bəzi adət və təsəvvürlər insan hüquqlarını məhdudlaşdıra, elmi tərəqqiyə mane ola və fərqli düşünənlərə qarşı dözümsüzlük yarada bilər. Maarifçilik bütün keçmişi rədd etmək deyil, keçmişdən gələn fikirləri ağılla araşdırmaq və insanın ləyaqətinə, biliyə, ədalətə xidmət edən dəyərləri qorumaqdır.
Mirzə Ələkbər Sabirin yaradıcılığı isə cəmiyyətin özünü tanıması üçün satiranın nə qədər güclü vasitə ola bildiyini göstərir. Sabir insanın qüsurlarını sadəcə təsvir etmirdi; o, cəmiyyətin bəzən görmək istəmədiyi həqiqətləri onun qarşısına çıxarırdı. Onun satirasının təsiri yalnız gülüş yaratmasında deyil, gülüşdən sonra insanı düşünməyə məcbur etməsində idi. Çünki insan bəzən öz qüsurunu birbaşa tənqid şəklində eşitdikdə müdafiəyə keçir, həmin qüsur satirik obraz vasitəsilə göstərildikdə isə öz davranışını kənardan görmək imkanı qazanır. Psixologiyada insanın özünü və davranışlarını kənardan müşahidə etməsi, düşüncələrinin səbəblərini araşdırması özünüdərk prosesinin mühüm hissəsi hesab olunur. İnsan özünü həmişə obyektiv qiymətləndirmir. Bəzən öz səhvlərini şəraitlə, başqalarının davranışı ilə və ya zərurətlə izah edir, lakin eyni səhvi başqa bir insan etdikdə ona qarşı daha sərt mövqe tutur. Bu, insan mühakiməsində tez-tez müşahidə olunan ziddiyyətlərdən biridir. Sabirin satirasını bu baxımdan oxumaq insanın yalnız keçmiş cəmiyyətin qüsurlarını deyil, öz dövrünün və öz şəxsiyyətinin mümkün nöqsanlarını da görməsinə kömək edə bilər. Əgər oxucu əsərdə təsvir olunan mənfi obrazları yalnız başqalarına bənzədirsə, lakin öz davranışında həmin xüsusiyyətlərin olub-olmadığını araşdırmırsa, ədəbiyyatın özünüdərk imkanlarından tam yararlanmır. Halbuki güclü ədəbi əsər oxucuya yalnız başqaları haqqında düşünmək üçün material vermir; o, insanı özünə də kənardan baxmağa dəvət edir.
Cəlil Məmmədquluzadənin yaradıcılığında da cəhalət, sosial bərabərsizlik, savadsızlıq, fanatizm və ictimai münasibətlərin tənqidi mühüm yer tutur. Onun əsərlərinin bu gün də müzakirəyə ehtiyac yaratmasının səbəblərindən biri budur ki, insan cəmiyyətindəki problemlər zaman keçdikcə tamamilə yox olmur; bəzən yalnız yeni formalarda meydana çıxır. Keçmişdə məlumatın çatışmazlığı insanı yanlış qənaətlərə gətirə bilərdisə, müasir dövrdə məlumat bolluğu da eyni nəticəni yarada bilər. Çünki hər məlumat həqiqət deyil, hər iddia sübut olunmuş fakt deyil və hər inandırıcı görünən fikir elmi əsaslara söykənmir. Beləliklə, cəhalətə qarşı mübarizə yalnız məktəbə getməklə və ya kitab oxumaqla başa çatmır. İnsan əldə etdiyi biliyin etibarlılığını yoxlamağı, məlumatı təhlil etməyi və öz düşüncəsinə təsir edən amilləri tanımağı da öyrənməlidir. Müasir psixologiyada insanın əvvəlcədən qəbul etdiyi fikirlərlə uyğun gələn məlumatlara daha çox inanması, həmin fikirlərlə ziddiyyət təşkil edən məlumatlara isə şübhə ilə yanaşması təsdiqləmə qərəzi kimi tanınır. Bu xüsusiyyət hər bir insanda müxtəlif dərəcələrdə müşahidə oluna bilər. Məsələn, insan müəyyən bir şəxsin və ya ideyanın doğru olduğuna əvvəlcədən inanırsa, həmin mövqeyi dəstəkləyən məlumatları daha asan qəbul edə, əks dəlilləri isə araşdırmadan rədd edə bilər. Bu, yalnız dini və ya siyasi məsələlərdə deyil, gündəlik münasibətlərdə də baş verir. İnsan öz fikrinin doğruluğuna həddindən artıq bağlandıqda, həqiqəti axtarmaq əvəzinə öz mövqeyini müdafiə etməyə başlaya bilər. Belə vəziyyətdə bilik düşüncəni azadlaşdırmaq əvəzinə, insanın əvvəlki qənaətlərini qoruyan vasitəyə çevrilir.
Maarifçiliyin əsl sınağı da burada başlayır. İnsan yalnız öz fikrinə uyğun gələn həqiqətləri qəbul edirsə, onun düşüncəsi nə qədər azaddır? O, yalnız öz mövqeyini təsdiqləyən insanlarla ünsiyyət qurur, fərqli fikirləri isə təhqir və ya təhlükə kimi qəbul edirsə, bu həqiqətə bağlılıqdır, yoxsa öz qənaətlərini itirmək qorxusu?, Öz səhvini etiraf etməyi zəiflik hesab edən insanın düşüncəsi hansı mənada azad ola bilər? Bu suallar məktəb təhsilinin fəlsəfi mahiyyətinə birbaşa aiddir. Şagird yalnız doğru hesab edilən cavabları öyrənməməli, həmin cavabların hansı əsaslarla doğru sayıldığını da anlamalıdır. Müəllim də dərs zamanı yalnız nəticəni bildirməklə kifayətlənməməli, şagirdə nəticəyə aparan düşüncə yolunu göstərməlidir. Şagirdin sual verməsi hörmətsizlik kimi deyil, düzgün istiqamətləndirildikdə öyrənmə prosesinin təbii hissəsi kimi qiymətləndirilməlidir. Müəllim öz fənnini tədris etməklə yanaşı, düşüncə mədəniyyəti də formalaşdırır. O, fərqli fikirləri ədalətlə dinləməyi, iddiaları sübutlarla əsaslandırmağı, şəxsi mövqe ilə elmi nəticəni ayırmağı və mübahisə zamanı insanın şəxsiyyətinə deyil, fikrin məzmununa münasibət bildirməyi öyrədə bilər. Belə müəllim şagirdlərinə yalnız məlumat ötürmür; onların müstəqil qərar vermək qabiliyyətinin inkişafına töhfə verir. Bu baxımdan, müəllimin dini inancı, geyimi və şəxsi həyat tərzi ilə bağlı müzakirələrdə də ədalətli yanaşma vacibdir. Müəllimin baş örtüyü taxması onun maarifçilik ideyalarını anlaya bilməyəcəyi anlamına gəlmir. Eyni zamanda, zahiri görünüşünə görə hər hansı insanın müstəqil düşüncəyə sahib olduğunu da əvvəlcədən qəbul etmək olmaz. İnsanın dünyagörüşü geyiminin formasından daha mürəkkəbdir. Bir insanın dini inancı ilə elmi bilik arasında münasibəti, fərqli fikirlərə dözümlülüyü, dəlillərə əsaslanan mühakiməsi və başqalarının hüquqlarına münasibəti onun düşüncə mədəniyyətini anlamaq üçün daha əhəmiyyətli göstəricilərdir. Əgər biz insanları yalnız zahiri əlamətlərinə görə qiymətləndirməyə başlasaq, onda onların həqiqi düşüncələrini öyrənmək imkanını özümüz məhdudlaşdırarıq. İnsanların dini və ya dünyəvi geyimlərinə baxaraq onların savadlı, savadsız, müasir, geridə qalmış, azad və ya fanatik olduqlarını müəyyənləşdirmək mümkün deyil. Belə hökmlər insanı anlamaqdan çox, onu əvvəlcədən müəyyənləşdirilmiş qəliblərə yerləşdirmək cəhdidir. Lakin zahiri görünüşə görə mühakimə etməmək hər bir fikri tənqiddən kənarda saxlamaq demək də deyil. Şəxsi inanc insanın özünə aid ola bilər, amma həmin inancın cəmiyyətə, təhsilə, elmi biliklərə və başqa insanların hüquqlarına münasibətdə doğurduğu nəticələr müzakirə edilə bilər. Burada əsas meyar insanın hansı qrupa aid olması deyil, irəli sürdüyü fikrin mahiyyəti, əsaslandırılması və nəticələridir. İnsan şəxsiyyətinə hörmət etməklə onun fikri ilə razılaşmamaq mümkündür. Hətta sağlam ictimai müzakirənin əsas şərtlərindən biri də budur. Dini düşüncə ilə xurafat arasında fərq qoymaq da bu məsələnin mühüm hissəsidir. Din bir çox insan üçün həyatın mənası, mənəvi məsuliyyət, vicdan, mərhəmət və yaradılış haqqında düşüncələrlə bağlıdır. Xurafat isə əsaslandırılmamış təsəvvürlərin, əsassız qorxuların və yoxlanılmamış iddiaların həqiqət kimi qəbul edilməsi ilə bağlı ola bilər. Bu anlayışları eyniləşdirmək düzgün olmadığı kimi, hər hansı bir iddianı dini xarakter daşıdığına görə avtomatik olaraq həqiqət hesab etmək də tənqidi düşüncə ilə uyğun gəlmir. Dini ənənələrin öz daxilində də elmə, biliyə, təfəkkürə və insanın mənəvi məsuliyyətinə dair müxtəlif şərhlər mövcuddur. İslam intellektual tarixində fəlsəfə, məntiq, tibb, riyaziyyat və astronomiya ilə məşğul olmuş çoxsaylı alimlərin yetişməsi bu münasibətlərin sadə və birmənalı olmadığını göstərir. Əl-Fərabi, İbn Sina və Nəsirəddin Tusi kimi mütəfəkkirlərin fəaliyyəti İslam dünyasının müxtəlif dövrlərində elmi və fəlsəfi araşdırmaların mühüm ənənələrə malik olduğunu göstərən nümunələrdəndir. Bununla yanaşı, həmin tarixdə fikir ayrılıqları, mübahisələr və elmi fəaliyyətin qarşılaşdığı məhdudiyyətlər də olub. Tarixi düzgün anlamaq üçün bu mürəkkəbliyi qorumaq lazımdır. Quranın mahiyyətini düşünmək, onların mənasını araşdırmaq və mənəvi dəyərləri şüurlu şəkildə yaşamaqla hər iddianı yoxlamadan qəbul etmək arasında fərq var. İnsan öz inancına bağlı olduğu halda da başqalarına qarşı ədalətli, elmə hörmətlə yanaşan və suallardan qorxmayan biri ola bilər. Eyni zamanda, dini ifadələrdən istifadə edən bir insanın davranışı həmişə həmin dinin ən yüksək mənəvi ideallarına uyğun gəlməyə bilər. Buna görə də insanın özünü hansı adla təqdim etməsindən daha çox, onun əməllərinin və düşüncəsinin hansı nəticələr doğurduğuna diqqət yetirmək lazımdır. İslam əxlaqında niyyət, vicdan, ədalət, təvazökarlıq və insanın öz əməllərinə görə məsuliyyət daşıması mühüm yer tutur. Quranda insanın bilmədiyi bir şeyin ardınca getməməsi barədə xəbərdarlıq edilir bu fikir İsra surəsinin 36-cı ayəsində ifadə olunur. Ayənin mənası insanın bilik və məsuliyyət münasibətini düşünmək üçün əhəmiyyətlidir: insan yalnız eşitdiyi və ya inandığı üçün bir iddianı həqiqət kimi təqdim etməməli, nəyi bildiyini və nəyi bilmədiyini ayırd etməlidir. Quranda insanları düşünməyə, müşahidə etməyə və ağıl yürütməyə çağıran çoxsaylı ayələr də var. Bununla belə, dini mətnlərin konkret mənasını müzakirə edərkən onların kontekstini nəzərə almaq, müxtəlif təfsirləri fərqləndirmək və şəxsi şərhi mətnin yeganə mümkün mənası kimi təqdim etməmək vacibdir. Dini düşüncəyə hörmətlə yanaşmaqla onun ictimai və fəlsəfi təsirlərini araşdırmaq bir-birinə zidd deyil. Mənəvi yetkinlik insanın heç vaxt yanılmaması deyil, yanıldığını anladıqda özünü müdafiə etmək əvəzinə həqiqəti qəbul edə bilməsidir. Təvazökarlıq hər fikirdən imtina etmək deyil; öz biliklərinin sərhədlərini tanımaqdır. Vicdan isə yalnız başqalarının əməllərini mühakimə edən daxili hakim deyil, insanın öz davranışlarını da eyni dürüstlüklə araşdırmasına kömək edən mənəvi ölçüdür. Buradan maarifçiliyin psixoloji tərəfinə keçmək mümkündür. İnsanlar çox vaxt tanış olanı yad olandan daha təhlükəsiz hesab edirlər. Uşaqlıqdan eşitdikləri fikirlər insanın dünyagörüşündə dərin izlər buraxa bilər. Ailə, məktəb, cəmiyyət, dini mühit, dostlar və informasiya vasitələri onun hansı düşüncələri normal, hansılarını isə qəbuledilməz saymasına təsir göstərir. Bu təsirlər insanın formalaşması üçün təbii olsa da, onların hər birinin nəticəsi avtomatik olaraq doğru hesab edilə bilməz. İnsan böyüdükcə özünə belə bir sual verməlidir: mən bu fikri həqiqətən araşdırdığım üçün qəbul etmişəm, yoxsa ətrafımdakı insanlar belə düşündüyü üçün?, Mənim qənaətim dəlillərə əsaslanır, yoxsa aid olduğum qrupa sədaqət hissindən qaynaqlanır? Bu suallar ailə və cəmiyyətin bütün dəyərlərini rədd etməyi tələb etmir. Onlar insana öz düşüncəsinin necə formalaşdığını anlamağa imkan verir. Cəmiyyətlərin tərəqqisi çox vaxt insanların mövcud bilikləri yeni suallarla yoxlaması, köhnə problemlərə fərqli həll yolları axtarması və düşüncə imkanlarını genişləndirməsi ilə bağlı olub. Lakin tarixi şəxsiyyətləri yalnız müasir ideyaların qabaqcadan söyləyiciləri kimi təqdim etmək düzgün olmazdı. Hər bir mütəfəkkir öz dövrünün sosial, siyasi, dini və intellektual şəraiti daxilində fəaliyyət göstərib. Onların bəzi fikirləri bu gün də aktualdır, bəziləri isə müasir biliklər və dəyərlər baxımından yenidən nəzərdən keçirilməlidir. Mütəfəkkirə hörmət onun hər fikrini mütləq həqiqət hesab etmək deyil; onun düşüncəsini ciddi araşdırmaq və ideyalarını əsaslandırılmış şəkildə qiymətləndirməkdir. Azərbaycan maarifçilik irsinin əhəmiyyəti də bu baxımdan üzə çıxır. Axundzadə, Sabir və Cəlil Məmmədquluzadə öz əsərləri ilə cəmiyyətin özünə baxmasına, ictimai problemlərini tanımasına və tərəqqi haqqında düşünməsinə töhfə veriblər. Onların yaradıcılığı müasir məktəbdə tədris olunursa, həmin irsin məqsədi keçmişi ideallaşdırmaq və ya bugünkü insanları keçmişin obrazları ilə sadəcə müqayisə etmək olmamalıdır. Əsas məqsəd insanın öz cəmiyyətində müşahidə etdiyi problemləri daha dərindən anlamasına kömək etməkdir. Bu mənada, maarifçilik bir dəfə qazanılıb əbədi olaraq qorunan nailiyyət deyil. Hər nəsil yenidən düşünməyi öyrənməlidir. Bir cəmiyyətdə universitetlərin, məktəblərin, kitabxanaların və informasiya vasitələrinin mövcudluğu mühüm üstünlükdür, lakin bu qurumların olması tənqidi düşüncənin avtomatik şəkildə formalaşmasına zəmanət vermir. Təhsilin nəticəsi insanların müstəqil mühakimə bacarığında, ictimai müzakirələrin keyfiyyətində, elmi biliklərə münasibətdə və fərqli fikirlərə dözümlülükdə də özünü göstərir. Məhz buna görə müəllimin məsuliyyəti yalnız dərs proqramını başa çatdırmaqla məhdudlaşmır. O, şagirdin suallarını dinləməli, çətin məsələləri sadələşdirərək mahiyyətini izah etməli və şagirdin öz nəticələrini əsaslandırmasına imkan yaratmalıdır. Müəllim hər suala hazır cavab verə bilməyə bilər. Bəzən “Bu məsələni dəqiqləşdirmək lazımdır” demək, bilmədiyini etiraf etmək və birlikdə araşdırmaq da mühüm pedaqoji nümunədir. Çünki müəllim şagirdə yalnız bilik deyil, bilik qarşısında dürüst münasibət də öyrədir.
Əgər şagird hər hansı əsərdə dini fanatizmin, mövhumatın və ya cəhalətin tənqidini görürsə, müəllim ona həmin əsərin hansı tarixi şəraitdə yazıldığını izah etməli, müəllifin mövqeyini təhlil etməli və mövzu ilə bağlı əsaslandırılmış müzakirə yaratmalıdır. Şagird əsərdəki fikirlərlə razılaşmaya da bilər. Əsas odur ki, o, mövqeyini arqumentlərlə ifadə etsin, qarşı tərəfin fikirlərini düzgün anlasın və müzakirə zamanı insanları alçaltmaqdan uzaq dursun. Məktəbdə müstəqil düşüncə mədəniyyətinin formalaşması məhz belə başlayır: insan başqasının fikrini eşitməkdən qorxmur, lakin onu sübut olmadan qəbul da etmir. Fərqli düşünən insanı düşmən hesab etmir, lakin hər fərqli fikri də doğru saymır. O, həm başqasının ləyaqətini qoruyur, həm də həqiqətə dair suallar vermək hüququnu özündə saxlayır. Cəmiyyətin inkişafı üçün bu tarazlıq olduqca vacibdir. Çünki düşüncə azadlığı başqalarını təhqir etmək azadlığı ilə eyni deyil. Tənqid insanı alçaltmaq üçün deyil, fikrin əsaslarını araşdırmaq üçün istifadə edilməlidir. Eyni zamanda, hörmət də bütün iddialara susmaq demək deyil. Əgər hər hansı fikir elmi biliklərə, insan hüquqlarına və ya ictimai məsuliyyətə təsir göstərirsə, onun nəticələrini müzakirə etmək mümkündür və çox vaxt zəruridir. Bu səbəbdən insanın geyimi ilə düşüncəsi arasında avtomatik əlaqə qurmaqdan çəkinməliyik. Hicab taxan bir müəllimin Axundzadənin əsərlərini necə tədris edə biləcəyini yalnız onun zahiri görünüşünə əsaslanaraq şübhə altına almaq ədalətli yanaşma deyil. Onun dərsi necə keçdiyi, əsərin məzmununu nə dərəcədə düzgün izah etdiyi, şagirdlərin suallarına necə münasibət göstərdiyi və fərqli fikirlərin müzakirəsinə nə qədər imkan yaratdığı daha əsaslı qiymətləndirmə meyarlarıdır. Eyni ölçülər hicab taxmayan müəllimlərə də tətbiq edilməlidir. Əks halda, biz bir növ qəliblə düşünməyi tənqid edərkən özümüz başqa bir qəlib yarada bilərik. İnsanları zahiri əlamətlərinə görə mühakimə etməmək maarifçi düşüncənin mühüm şərtlərindəndir. Bununla yanaşı, heç bir müəllim, mütəfəkkir və ya ictimai nüfuz sahibi tənqiddən kənarda deyil. Ədalətli yanaşma həm şəxsi ləyaqəti qorumağı, həm də peşəkar fəaliyyətin və irəli sürülən fikirlərin əsaslandırılmış şəkildə qiymətləndirilməsini tələb edir. Beləliklə, məktəbdə Axundzadəni, Sabiri və Cəlil Məmmədquluzadəni öyrənməyin əsas mənası onların adlarını müasir cəmiyyətin ayrı-ayrı qruplarına qarşı istifadə etmək deyil. Əsas məna onların yaradıcılığında ortaya qoyulan sualları anlamaq, öz düşüncəmizdəki ziddiyyətləri araşdırmaq və insanın tərəqqisinə mane olan səbəbləri müəyyənləşdirməkdir. Əgər biz onların əsərlərini oxuyarkən yalnız başqalarının səhvlərini axtarırıqsa, həmin əsərlərin bizə özümüzü tanımaq üçün verdiyi imkanı itirə bilərik. Çünki insanın özündə görmək istəmədiyi nöqsanları başqalarında görməsi asandır. Öz düşüncəsini sorğulamaq isə cəsarət tələb edir. İnsan bəzən illərlə müdafiə etdiyi bir fikrin əsassız olduğunu anladıqda bunu qəbul etməkdə çətinlik çəkir. Çünki fikir təkcə onun düşüncəsinin bir hissəsinə deyil, şəxsiyyətinə, mənsubiyyətinə və özünü necə görməsinə də bağlanmış ola bilər. Bu səbəbdən həqiqəti qəbul etmək bəzən sadəcə yeni məlumat öyrənməkdən daha çətin olur: insan əvvəlki qənaətini dəyişməklə yanaşı, özünə dair təsəvvürünü də yenidən qurmalı olur. Ancaq intellektual yetkinlik məhz burada üzə çıxır. İnsan öz səhvini qəbul etməklə dəyərini itirmir. Əksinə, o, həqiqəti şəxsi qürurundan üstün tutmağı öyrənir. Öz fikrini dəyişmək həmişə zəiflik deyil; yeni dəlillər qarşısında mövqeyini yenidən qiymətləndirmək düşüncə məsuliyyətinin göstəricisi ola bilər. Əlbəttə, hər dəyişiklik inkişaf deyil və insan hər yeni iddianın arxasınca getməməlidir. Əsas məsələ mövqeyini dəlillər, məntiq və vicdanlı araşdırma əsasında formalaşdırmaqdır. Bütün bunların fonunda məktəbin, müəllimin və maarifçilik irsinin qarşısında böyük bir vəzifə dayanır: məlumatlı, lakin təkəbbürlü olmayan; inanc sahibi, lakin başqasının hüquqlarına hörmət edən; ənənələrini tanıyan, lakin onları düşünmədən təkrarlamayan; elmə hörmət edən, lakin elmi də yanlış şərhlərdən qorumağı bacaran insanlar yetişdirmək. Belə insan həm öz cəmiyyətinin tarixi köklərini anlayar, həm də dünyanın dəyişən reallıqlarına açıq olar. Təhsilin ən mühüm nəticəsi insanın başqalarına özünü sübut etmək üçün topladığı məlumatların miqdarı deyil, həmin biliklərin onun mühakiməsinə, davranışına və məsuliyyət hissinə necə təsir etməsidir. İnsan böyük mütəfəkkirlərin fikirlərini öyrənə bilər, amma onların irsindən faydalanmaq üçün həmin fikirlərin mahiyyətini anlamalıdır. O, dini və mənəvi dəyərlərə sahib ola bilər, lakin bu dəyərləri başqalarının ləyaqətini qoruyan davranışlarla ifadə etməlidir. O, müasir düşüncəni müdafiə edə bilər, lakin fərqli həyat tərzinə malik insanları alçaltmaqla öz mövqeyini əsaslandıra bilməz. Nəticədə, maarifçilik nə insanın dini inancını zahiri görünüşünə görə mühakimə etməkdir, nə də hər hansı düşüncəni yalnız ənənə olduğu üçün toxunulmaz saymaqdır. Maarifçilik insanın həqiqəti axtarmaq, özünü tanımaq, fikirlərini əsaslandırmaq və başqasının azadlığını qəbul etmək məsuliyyətidir. O, həm insanın başqasına, həm də özünə qarşı dürüst olmasını tələb edir. Cəmiyyətin tərəqqisi haqqında düşünərkən ən vacib sual budur ki, biz övladlarımıza yalnız nə düşünməli olduqlarını öyrədirik, yoxsa necə düşünməli olduqlarını da?, Onlara hazır cavablar veririk, yoxsa cavabların əsasını araşdırmaq bacarığı qazandırırıq?, Onları yalnız keçmişin böyük şəxsiyyətləri ilə tanış edirik, yoxsa həmin şəxsiyyətlərin qaldırdığı sualları bu gün öz həyatlarına tətbiq etməyə də təşviq edirik? Bu sualların cavabı məktəbin gələcəyindən daha artıq məna daşıyır. Çünki düşünməyi öyrənən insan yalnız öz həyatını deyil, daxil olduğu cəmiyyətin gələcəyini də dəyişdirmək imkanına sahib olur. Maarifin əsl gücü insanın başqalarının səhvlərini görməsində deyil, həqiqətin işığında öz düşüncəsini də yoxlamağa cəsarət etməsindədir. Böyük mütəfəkkirlərin irsi isə o zaman həqiqətən yaşayır ki, onların adları yaddaşımızda qalmaqla kifayətlənmir, sualları düşüncəmizdə, idealları davranışımızda və həqiqət axtarışları həyatımızda davam edir.

Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada