Bakıda daha bir jurnalistə hücum: APA TV-nin müxbiri döyüldü, avadanlığa ziyan vuruldu – CİNAYƏT İŞİ BAŞLANDI

Bakıda daha bir jurnalistə hücum: APA TV-nin müxbiri döyüldü, avadanlığa ziyan vuruldu – CİNAYƏT İŞİ BAŞLANDI
14:20

Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Bakının Nizami rayonunda, Davud Aslan küçəsində yerləşən taxta bazarında baş verən güclü yanğın hadisəsini işıqlandırmaq üçün əraziyə ezam olunan APA TV-nin əməkdaşı hücuma məruz qalıb.

Peşə fəaliyyətini yerinə yetirən müxbir Sənan Bəhrəmliyə özünü mühafizəçi kimi təqdim edən şəxs fiziki zor tətbiq edib, onu ağır söyüşlərlə təhqir edib və şirkətə məxsus texniki avadanlığa zərər vurub.

Məlumata görə, əvvəlcə şəxsiyyətini açıqlamaqdan imtina edən həmin şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib. Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsindən sonra H.Sərdarov ərazidən uzaqlaşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group” əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması faktı üzrə cinayət işi başlanılıb.

Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb və hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, son günlər Azərbaycanda jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması ilə bağlı bir neçə hadisə qeydə alınıb. Belə ki, bir neçə gün əvvəl “Real TV” və “Space TV”nin əməkdaşları da məktəb qarşısında çəkiliş apararkən fiziki zorakılıqla üzləşmişdilər.


Sizin reklam burada
Sizin reklam burada