Politoloq Tural Əliyev sosial şəbəkədə dünya nizamı ilə bağlı cəmiyyətin gözləntilərinə dair maraqlı təhlil paylaşıb. O qeyd edib ki, müşahidələrə əsasən, insanların əksəriyyəti qlobal sistemin gələcəyi ilə bağlı müxtəlif şablon təhlilləri maraqla izləyir və oxuyur. Sanki bu təhlillərdə təsvir olunan "sehrli çubuq" yekunda bütün nizamsızlıqları aradan qaldıracaq, haqq və ədalət bərqərar olacaq.
News365.az xəbər verir ki, politoloqun fikrincə, az da olsa tarixdən xəbərdar olanlar yaxşı anlayır ki, "mütləq güc" və "mütləq sülh" anlayışları real deyil. Heç bir dövlət başqa bir dövləti qeyri-məntiqi şəkildə himayəyə götürmür və ya əbədi müttəfiq olmur. Üstəlik, həmin ölkələrdə siyasi elitaların dəyişməsi ilə münasibətlərin tamamilə dəyişməsi, hətta sıfırlanması mümkündür.
Tural Əliyev bildirir ki, mövzu daha dərindən təhlil edildikdə aydın olur ki, iqtisadi və ticari maraqlar çox vaxt bərabərlik prinsipinə deyil, birbaşa suverenliyi təhdid edən tələblərlə ortaya çıxır. Bu kimi şəraitdə yalnız sağlam baza qurulmuş ölkələr eksistensial təhlükələrdən qorunmaqla kifayətlənmir, eyni zamanda bu təhdidlərdən yayına da bilirlər.
"Sadə həqiqət budur ki, hər şey dəyişir, daim hərəkətdədir və bu günün reallığı sabah üçün keçərli olmaya bilər", – deyə politoloq fikrini tamamlayıb.