Xəbər
verdiyimiz kimi Naxçıvan İran tərəfindən PUA hücumuna məruz qalıb. İrandan atılan 4 ədəd drondan 1-i Naxçıvan Muxtar
Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad
kəndində məktəb binasının yaxınlığına düşüb.
Nəticədə Hava Limanının binasına zərər dəyib və iki nəfər mülki şəxs xəsarət
alıb.
Təbii ki, İran tərəfindən tördəilən bu cinayət
əməli bütün dünyada və ölkəmizdə hiddət doğurub.
Mövzu ilə bağlı News365.az-a danışan
iqtisadçı Eldəniz Əmirov deyir ki, İran hadisələri fonunda bir neçə
aydır ki, Naxçıvan istiqamətində İran ərazisindən həyata keçirilən dron hücumu
region üçün son dərəcə təhlükəli presedent yaradır:
“Mülki infrastrukturu və dinc insanların istifadə etdiyi obyektləri
hədəf alan belə addımlar təkcə beynəlxalq hüququn pozulması deyil, həm də Cənubi
Qafqazda illərlə qorunan kövrək sabitliyə ciddi zərbədir.
Azərbaycan hər
zaman qonşuluq münasibətlərinə və qarşılıqlı hörmət prinsipinə sadiq qalıb. Ölkəmizin
ərazisi heç vaxt başqa dövlətlərə qarşı təhdid mənbəyinə çevrilməyib. Bu
kontekstdə Naxçıvana qarşı yönəlmiş hücum həm siyasi, həm də mənəvi baxımdan qəbuledilməzdir.
Baş verən
hadisə ilə bağlı İran tərəfindən aydın və rəsmi izahat verilməli, bu cür
halların təkrarlanmaması üçün real tədbirlər görülməlidir. Eyni zamanda beynəlxalq
təşkilatların və region dövlətlərinin də bu hadisəyə münasibət bildirməsi
vacibdir. Suverenliyə qarşı bu cür addımların səssiz qarşılanması gələcəkdə
daha təhlükəli presedentlər yarada bilər.
Azərbaycan
öz vətəndaşlarının təhlükəsizliyini və ölkənin ərazi bütövlüyünü qorumaq üçün
beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atmaq hüququna malikdir və
qadirdir.
News365.az