Ermənistandakı parlament seçkilərində 58,97% seçici iştirak etdi və iqtidar partiyası 49,82% səs topladı (hətta bəzi türmələrdə də onun rəqibləri qalib olub). Gəlin özümüz bərabər digər qonşularımızdakı son parlament seçkiləri ilə müqayisə aparaq: birinci rəqəm iştirak edənlərin sayının, ikinci isə qalib partiyanın yığdığı səslərin faizidir.
1. Azərbaycan (2024-cü il): 37,24% və 50,42% (müstəqil namizədlər isə 39,35%);
2. Türkiyə (2023-cü il): 86,98% və 35,6%;
3. İran (2024-cü il): 41% və 82,97% (mühafizəkarlar);
4. Gürcüstan (2024-cü il): 58,94% və 53,94%;
5. Rusiya (2021-ci il): 51,72 və 72%.
Göründüyü kimi, Ermənistan seçkiləri daha çox Gürcüstana yaxındır. Hər ikisində təxmini 59% seçici iştirak edib. Nəticə olaraq da iqtidar partiyas 50-55% səs toplayıb.
Bəs Azərbaycan kimə daha çox yaxındır? İrana. Bizdə də, İranda da parlament seçkiləri 2024-cü ildə keçirilib. Və seçici iştirakının minimum rekordu olub: bizdə 37,24%, İranda isə 41%. İranda partiyalar yoxdur, amma ənənəvi olaraq mühafizəkarlarla islahatçıların mübarizəsi gedir. Sonuncuları seçkilərə buraxmayanda əhali onları faktiki boykot edir. Nəticədə də İranda mühafizəkar dindarlar və onlara loyal müstəqillər 82,97% səs toplayıblar. Bizdə isə YAP-çılar və müstəqillər birgə 89,77% səs toplayıblar. Sonra isə bizə daha çox Rusiya yaxındır: orada bir qədər daha çox seçici iştirak etsə də, iqtidar partiyası 72% səs toplayıb. Bir sözlə, keçmiş metropoliyalarımızdan çox da uzağa gedə bilməmişik...
Yeri gəlmişkən, ən demokratik seçki Türkiyədə olub: 86,98% seçici iştirak edib (real demokratiya şəraiti üçün çox yüksək göstəricidir), amma Ərdoğanın partiyası cəmi 35,6% səs toplayıb...