ABŞ Senatına təqdim edilən qanun layihəsi "Mercedes-Benz"ə ciddi zərbə vura bilər.
Sənədə əsasən, çinli investorların 15%-dən çox paya sahib olduğu istehsalçıların nəqliyyat vasitələrinin ABŞ-a idxalı, həmçinin orada istehsalı və ya satışı qadağan ediləcək.
Belə ki, Çinin avtomobil istehsalçısı BAIC "Mercedes"in səhmlərinin təxminən 10%-nə, çinli iş adamı Li Şufu isə daha təxminən 10%-nə sahibdir.
Bununla belə, "Mercedes" hesab edir ki, şirkətə sahib olan heç bir ayrı-ayrı Çin səhmdarı onun səhmlərinin 10%-dən çoxuna malik olmadığı üçün ABŞ-ın sözügedən qanun layihəsinin təsir dairəsinə düşmür. Bu iri səhmdarlar Müşahidə Şurasında təmsil olunmurlar və şirkətin idarə olunması ilə bağlı qərarlar qəbul edə bilməzlər.
Bundan əlavə, "Mercedes" ABŞ üçün öz əhəmiyyətini vurğulayaraq qeyd edib ki, təxminən 160 000 amerikalının iş yeri – o cümlədən Alabama ştatının Taskalusa və Cənubi Karolina ştatının Çarlston şəhərlərindəki iki zavodda çalışanların iş yerləri konsernin fəaliyyətindən asılıdır.
ABŞ-ın Ticarət, Elm və Nəqliyyat Komitəsində isə müzakirələr aparılır. Nüfuzlu respublikaçı Ted Kruz 15%-lik hədddən tamamilə imtina edilməsini tələb edib. O, provokativ bir sual qaldırıb: görəsən, bu rəqəm Amerika avtomobil nəhəngi "General Motors"un alman rəqibini zəiflətmək məqsədilə seçilib?
Respublikaçılar "Mercedes"i qadağan etmək istəmirlər.
Həm Kruz, həm də qanun layihəsinin müəllifi olan respublikaçı Berni Moreno vurğulayıb ki, onlar "Mercedes" avtomobillərinin satışını qadağan etməyə çalışmırlar. Moreno qeyd edib ki, qanun layihəsi avtomobil istehsalçılarına ABŞ Ticarət Departamentinə müraciət edərək istisnalar əldə etməyə imkan verir.
Qeyd edək ki, ABŞ “Mercedes”in ikinci ən böyük bazarıdır. Qanun layihəsi GPS, Wi-Fi və ya mobil şəbəkə bağlantısı kimi funksiyalarla təchiz edilmiş avtomobillərə aiddir. Respublikaçılar bu məlumatların Çin dövlətinin əlinə keçə biləcəyindən narahatdırlar. Çinli təchizatçılarla sıx əməkdaşlıq etdikləri üçün “Volkswagen” və “BMW” də yeni qaydalardan təsirlənə bilər.