"Amerikalılar" (The Americans) realiti-şousunun ulduzu, israilli iş adamı Yakir Levi ABŞ-də otelin damından yıxılaraq həyatını itirib.
Bu barədə "New York Post" nəşri məlumat yayıb.
Faciə iyulun 20-də axşam saatlarında Floridada, Sanni-Ayls-Biç (Sunny Isles Beach) şəhərindəki otellərdən birində baş verib.
İlkin məlumatlara görə, Levi 28-ci mərtəbəli binanın damından yerə çırpılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, iş adamının 45 yaşı var idi. O, İsraildə dəfn olunacaq.
Qeyd edək ki, Yakir Levi İsraildə doğulub, daha sonra ABŞ-yə köçüb. Amerikada təbii fəlakətlərdən zərər çəkmiş binaların bərpası üzrə öz biznesini qurub. O, 2025-ci ildə "Channel 13" telekanalında yayımlanan və ABŞ-də böyük uğurlar qazanmış israilli mühacirlərdən bəhs edən "Amerikalılar" şousunun iştirakçısı olub.