“Neftçi” və “Qarabağ”ın UEFA turnirlərində keçirəcəyi beynəlxalq oyunlarla əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
News365.az xəbər verir ki, hər iki qarşılaşmaya azarkeş marağının yüksək olacağı nəzərə alınaraq, metropoliten iyulun 22 və 23-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Məlumata görə, iyulun 22-də keçiriləcək “Neftçi” – “Dinamo” (Belarus) oyunu ilə əlaqədar 8-ci kilometr stadionunun yaxınlığında yerləşən “Xalqlar dostluğu” stansiyasında xüsusi növbətçilik təşkil olunacaq. Stansiyaya əlavə əməkdaşlar cəlb ediləcək, sərnişin axınının təhlükəsiz və operativ idarə olunması üçün nəzarət tədbirləri gücləndiriləcək.
İyulun 23-də baş tutacaq “Qarabağ” – ÇSKA (Bolqarıstan) qarşılaşması zamanı isə “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək.
Bundan başqa, ehtiyac yaranacağı təqdirdə xəttə buraxılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Oyunlardan sonra sərnişin sıxlığından asılı olaraq digər stansiyalarda da qatarların hərəkət qrafiki operativ şəkildə tənzimlənəcək.
Bakı Metropoliteni bildirib ki, ümumilikdə hər iki gün qatarların hərəkəti mövcud yay qrafikinə uyğun təşkil ediləcək, lakin azarkeşlərin rahat və təhlükəsiz daşınması məqsədilə əlavə tədbirlər həyata keçiriləcək.