Şimali Kipr sahillərində gəminin batması ilə bağlı aparılan istintaq çərçivəsində kapitan da daxil olmaqla, səkkiz nəfər saxlanılıb.
News365.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel deyib.
"Axtarış və xilasetmə işləri davam edərkən, bu fəlakətin səbəbini müəyyən etmək üçün istintaq aparılır. Gəminin kapitanı və yeddi heyət üzvü saxlanılıb. Bu hadisənin hər bir aspekti araşdırılacaq. Ən kiçik bir səhlənkarlıq belə üzə çıxacaq", - deyə o bildirib.
Xatırladaq ki, avqustun 30-da ŞKTR sahillərində 267 nəfəri daşıyan bərə batıb. Faciə Girne sahillərindən təxminən dörd mil aralıda baş verib. 237 nəfər xilas edilib, 7 nəfər ölüb, 23 nəfərin axtarışları qayıq və dronlardan istifadə etməklə davam edir.