Biləsuvarda pambıq sahəsində yanğın olub

Biləsuvarda pambıq sahəsində yanğın olub
02 Noy 2025 16:59

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

Hadisə Biləsuvar şəhəri ərazisində yerləşən pambıq sahəsində qeydə alınıb.

Belə ki, mülkiyyətçi Oktay Aslanova məxsus 3 hektar ərazidə pambıq yığımı aparan kombayn qəflətən alışıb. İlkin ehtimala görə, yanğın yüksək gərginlikli elektrik hava xəttinin sahə üzərindən aşağı səviyyədə keçməsi nəticəsində yaranıb.

Mexanizator Murad Muradov bildirib ki, 10 min kV-luq elektrik hava xəttin aşağı hissəsindən keçərkən qığılcım nəticəsində kombaynın bunkerində toplanan pambıq alışıb:

“Sahənin təxminən 2 hektarında pambığı yığmışdım. Elektrik xəttinin aşağı hissəsindən keçərkən qığılcımdan bunkerdəki pambıq qəflətən alışdı. Dərhal kombaynı kənara çəkib pambığı yerə boşaltdım ki, yanğın texnikaya keçməsin. Bunkerdə qalan pambığı isə əllə çıxardım”.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Onlar kombaynın boşaltdığı pambıq tayasında yaranan yanğını qısa müddətdə söndürə biliblər.

Qeyd edək ki, həmin ərazidə əkin torpaqları olan mülkiyyətçilər elektrik xətlərinin aşağı keçməsi ilə bağlı təhlükənin uzun müddətdir mövcud olduğunu, bu barədə müvafiq qurumlara dəfələrlə müraciət etdiklərini, lakin nəticə əldə olunmadığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada