İkinci Qarabağ müharibəsi zamanı "Bayraktar" Pilotsuz Uçuş Aparatlarının (PUA) düşmən mövqe və qüvvələrinə necə zərbələr endirməsini əks etdirən xeyli sayda görüntülər var. Maraqlıdır ki, "bayraktar"ların ermənilərə saçdığı qorxu işğalçı əsgərlərin dilindən hələ də səslənməkdədir. Qəhrəman PUA operatorlarımızın dəqiq işləməsi sayəsində bu gün xeyli sayda işğalçı döyüşçü əl və ya ayaqsız qalıb. Onlardan biri də 44 günlük müharibənin iştirakçısı olmuş Ararat Torosyandır. Torosyan yerli mediaya verdiyi açıqlamada deyib ki, 25 yanvar 2019-cu ildə orduya çağırılıbmış. O, işğalçıların "Martuni" adlandırdıqları Xocavənddə xidmət edib.
“Biz həyəcanla artıq müharibənin başladığını öyrəndik
və mövqelərimizi tutduq. 4 gün mövqelərdə oldum, oktyabrın 1-də isə yaralandım.
Mən keşikdə dayanırdım. Postda yeddi nəfər idik. Pilotsuz təyyarənin hücumu
nəticəsində 2 nəfər yerindəcə öldü. Üçümüz isə müxtəlif dərəcəli xəsarətlər
aldıq. Mən bu gün hər şeyi olduğu kimi çox gözəl xatırlayıram",- o,
müsahibəsində deyib.
Keçmiş döyüşçü qeyd edib ki, yaralanan zaman
zədəsinin çox ciddi olması məlum olub. Ararat ayaqlarını itirib. Onun sözlərinə
görə, hətta həkimlər döyüşçünün belə ağır yaralarla necə sağ qalmasına və
komaya düşməməsinə təəccübləniblərmiş: "Mərmi ona dəyəndə əvvəlcə bir
ayağını qoparıb. Sonra isə əsgər digər ayağının da qopmasını görüb".
“Məni müxtəlif yerlərə daşıdılar,
meyitxanaya oxşayan yerə də apardılar. Orada hər yer cəsədlərdən ibarət idi.
Cəsədlərdə müxtəlif cürə kəsiklər var idi. Ətrafımda qollar, ayaqlar var idi...
Mən əslində ilk olaraq klinik ölüm keçirmişdim. Hər kəs öldüyümü zənn edib deyə
aidiyyəti şəxslər cəsədimi bura gətiribmiş”, - işğalçı əsgər ordumuzun
yaratdığı mənzərə ilə bağlı xatirələrini bölüşüb.
Araratın onu da vurğulayıb ki,
hazırda taxdığı ayaq protezlərinin qiyməti 50 milyon dramdır. Onun sözlərinə
görə, dövlət ona bu imkanı yaratsa da buna böyük çətinliklə nail olub.
“İndi məndə belə bir protezlər var. Amma əlil olan xeyli sayda əsgər var ki, onların iş-gücü yoxdur, dövlət onların hamısını protezlə də təmin edə bilmir. Belə bir neçə min insan var”, - Ararat gileylənib.
Tural