Ömrümdə bircə dəfə meyxanaçıların deyişdiyi toyda olmuşam. Balaxanıda iş yoldaşımızın qardaşı oğlunun kiçik toyuydu, kənd kulinariyasının ləzzətli təamlarından nuş etdikdən sonra mağara, toyxanaya adladıq. Tanınmış və tanınmamış meyxanaçılar cərgə ilə oturmuşdular və ionikanın müşayiəti ilə, avazla meyxana deyir, deyişirdilər. Bildiyiniz söhbətlər. Bir-birinə sözsoxmalar.
Belə götürəndə pis məclis deyildi, öz axarıyla gedirdi.
Auditoriyada hər yaşdan adam vardı, amma əsas kontingent 20-40 yaşlılar idi. Onlar deyişmələri böyük zövq və şövqlə dinləyirdilər, “güclü söz deyənlər”i alqışlayırdılar, lap çox xoşları gəldiyində “rəyasət”ə yaxınlaşır, meyxanaçılara pul verirdilər – 5, 10, 20 manatlıq əskinaslar.
Bu toyxana və onun auditoriyası yadıma Balaəlinin dediyi sözlərə görə düşdü. Balaəli bu günlərdə qazandığı pullar barədə danışarkən belə içkiyə-filana pul xərləmədiyii demiş və belə bir əlavə etmişdi: “Gedib 50 manatlıq yox, 500 manatlıq köynək, 100 manatlıq ayaqqabı yox, 1000 manatlıq, 50 manatlıq saat yox, 10 min manatlıq saat almışam”.
Bu ifadəni oxuyandan sonra xatırladım ki, toyxanada meyxanaçılara pul verənlərin ayağında 500 manatlıq yox, 50 manatlıq ayaqqabı vardı. Payız vaxtıydı, əyinlərində 500 manatlıq gödəkçə, kostyum yox idi, 100+ manatlıq geyimlər idi. Və heç biri 10 min manatlıq saat taxmamışdı.
Bəs bilirsinizmi 100 milyard dollardan çox varidatı olan amerikalı biznesmen Bill Qeyts hansı qiymətdə saat taxır? Deyim, bilin. Adı ölkəmizdə “koronovirusu yayan pis adam” kimi çıxmış Bill Qeyts “Casio Duro” saatı (model MDV-106-1A) taxır və bu saatın qiyməti 50 dollardır. Qara siferblatı və rezin qayışı olan, etibarlı, sadə saatdır, suyun altında da işləyir.
Söz yox, Bill Qeytsin pulu Balaəlininkindən az olmaz, amma adam təvazökardır, saatıyla, ayaqqabısı ilə öyünmür.
Bu saat məsələsi belədir ki, indiki dövrdə daha çox aksessuardır, vaxtı göstərən mobil telefonların olduğu yerdə saat taxmaq sol qola (bəzi təşər adamlar saatı sağ qola taxır) ağırlıq bağlamaqdan başqa bir şey deyil, amma ondan heç cür vaz keçə bilməyən insanlar var.
Bir də əsas məsələ odur ki, onu əlindən aldırmayasan.
Yadınızda olar, 5-6 il əvvəl bir azərbaycanlı məmur-oliqarxın oğlunun 2 milyonluq saatını İspaniyanın İbiza adasında quldurluq yolu ilə əlindən almışdılar. Oliqarxzadə dostları ilə adada dincəlirmiş, yaramaz quldurlar onun qolundakı saatı tanıyıblar və onu “Uşaqlığın son gecəsi” filmindəki Muradın vəziyyətinə salıblar, saat açdırıb, alıb, aparıblar. Can şirin şeydir. Olmasın 2 milyon dollar. Biz olsaq və quldurlar 2 manatlıq saatımızı istəsələr, vermərik? Verərik.
Yerli polis insidentə dair araşdırma aparınca, xəbər İspaniya mediasına sızmış, ordan da Azərbaycan mətbuatına sellənmişdi. Amma heç bilmədik, o saat tapıldımı, qarətçilər tutuldumu, ümumiyyətlə, o işin axırı necə oldu. Bilən varsa, inboksuma yazsın.
Bu baxımdan torpağı qorumaq haqqında deyilmiş məşhur ifadəni perefraz edərək belə də demək olar: “Bahalı saatı qorumayacaqsansa, taxmağa dəyməz, taxmayacaqsansa, o qədər pul verməyə dəyməz”. Nəsə belə bir şey.
Düzdür, Balaəlinin 50 və ya 1000 manatlıq saat taxmasının elə bir fərqi yoxdur, o, hər iki halda meyxana deyən Balaəli olmaqdan çıxmayacaq, amma hiss olunur ki, qədeş özünü Bill Qeytsdın əskik oğlan saymır, ona görə də kasıb yazıçı Kəramətə ilişir.
Hərçənd yazıçıların da vaxtı olub. Sovet dövründə kitabı çıxan şair-yazıçıların çoxunun maşını vardı, yayda Qaqrada, Soçidə, Kislovodskda, Şuşada, Truskavetsdə dincəlirdilər, Qışda Yaltaya, Peredelkinoya gedir, ittifaq respublikalarından olan həmkarları ilə deyişirdilər - yəni ədəbiyyat mübahisəsi aparırdılar. Deputat olan şair-yazıçılar vardı. Hər il külli miqdarda mükafat, qonorar alanlar da çox idi. Pis deyildi. İndi meyxanaçılığa meyl güclü olduğu kimi, o zamanlar da yazıçılığa, şairliyə meyl güclüydü.
Sonra dövran döndü, ədəbiyyatın bazarı bağlandı. Bu saat şeir deyiləndə əsasən meyxana başa düşülür. İndinin insanları hövsələsizdir, 500 səhifəlik roman nədir, 500 işarəlik statusu güclə oxuyurlar. Bir azdan seriala, filmə baxan da olmayacaq, hamı 15-20 saniyəlik reels-lərə baxacaq. Dəb olub artıq.
Dediyim odur ki, “dərdlərə dərmandı kopolun pulu...”. Bir balaca da adam qudurdandı andır.
**
Dünya köhnə dünyadır, zoonoz viruslara yoluxanları təzədir.