Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı

Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı
16:20

Azərbaycan Hava Yollarının 29 avqust 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.

Əlavə edilib ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır.

"Uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən verilmir. Qərarlar marşrut boyunca, qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir.

Belə meteoroloji hallar uçuşun təhlükəsizliyinə ciddi təsir göstərdiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq qərarlar qəbul edirlər", - "Azərbaycan Hava Yolları"nın məlumatında qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada