ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla uzunmüddətli birbaşa sülh danışıqlarında iştirak etmək məqsədilə İsveçrəyə səfər edib.
Bu barədə məlumatı "CBS News" telekanalı yayıb.
Cey Di Vens şənbə günü günortadan sonra Endryus birgə hərbi bazasından İsveçrəyə yola düşüb. Səfərdən öncə jurnalistlərə açıqlama verən vitse-prezident Avropada cəmi "bir-iki gün" qalacağını, lakin ondan sonra texniki işçi qruplarının danışıqları davam etdirəcəyini bildirib.
Vens artıq İran nümayəndə heyətinin də İsveçrəyə gəldiyini diqqətə çatdırıb.
"İranlılar, pakistanlılar və qətərlilərlə texniki danışıqların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, biz həm nüvə proqramı, həm də Livanda atəşkəsin əldə olunması məsələsində irəliləyişə nail olacağıq. Diqqət yetirəcəyimiz iki əsas mühüm mövzu məhz budur", - deyə ABŞ-ın vitse-prezidenti vurğulayıb.
Qeyd edək ki, Qətər və Pakistan müharibə dövrü ərzində ABŞ və İran arasında əsas vasitəçi tərəflər qismində çıxış ediblər.
Cey Di Vensin İsveçrə səfəri ilkin olaraq cümə axşamı gününə planlaşdırılsa da, son anda təxirə salınmışdı.
Ağ Evin rəsmi nümayəndəsi həmin vaxt gecikməni şərh edərkən "bu növ danışıqların logistikasının heç vaxt sadə və proqnozlaşdırılan olmadığını" bildirmişdi.