Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə və antiterror tədbirləri regionda yeni geosiyasi reallıqlar yaradıb. Bu reallıqlar Cənubi Qafqazda, xüsusilə Ermənistanın gələcək siyasi kursunda mühüm dəyişikliklərə yol açır.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov News365.az-a açıqlamasında bildirib ki, Azərbaycanın hərbi-siyasi qələbəsi Ermənistan üçün tarixdə ilk dəfə real suveren və müstəqil siyasət yürütmək imkanı formalaşdırıb.
Onun sözlərinə görə, Ermənistan uzun illər davam edən asılılıqdan çıxaraq sülh müqaviləsini imzalamaq və regionda sabitlik yaratmaq üçün nadir fürsət əldə edib.

Deputat qeyd edib ki, hazırkı mərhələdə Ermənistanın qarşısında duran əsas seçim suveren dövlət kimi möhkəmlənmək və xarici təsirlərdən uzaqlaşmaqdır. Lakin onun fikrincə, İrəvan hələ də bir güc mərkəzinin təsirini digəri ilə əvəzləmək tendensiyasını davam etdirir.
Bəhruz Məhərrəmovun sözlərinə görə, əvvəllər Ermənistanın siyasi və iqtisadi sistemində Rusiya amili dominant rol oynayırdısa, hazırda bəzi Avropa ölkələrinin, xüsusilə Fransanın təsirinin artması müşahidə olunur. Bu isə ölkənin tam müstəqil siyasət formalaşdırması üçün yetərli deyil.
Deputat bildirib ki, Ermənistanın müxtəlif güc mərkəzləri arasında balans yaratmaq cəhdləri ölkənin real suverenliyinə xidmət etmir, əksinə onu yeni asılılıq formalarına sürükləyə bilər. Onun fikrincə, bu proses Ermənistanı xarici güclərin rəqabət meydanına çevirir.
Bəhruz Məhərrəmov əlavə edib ki, Ermənistan uzun illər həm Rusiya, həm də Qərb tərəfindən müxtəlif maraqlar çərçivəsində dəstəklənən bir dövlət olub və bu amil onun siyasi qərarlarına ciddi təsir göstərib. Lakin hazırkı mərhələdə bu təsirlərin dəyişməsi ölkənin müstəqil siyasətinə avtomatik zəmanət vermir.
Deputatın fikrincə, Azərbaycanın qələbəsi Ermənistan üçün həm tarixi fürsət, həm də məsuliyyət yaradır. O bildirib ki, Ermənistan bu şansı düzgün qiymətləndirməli və regional əməkdaşlıq, sülh və iqtisadi inteqrasiya istiqamətində addımlar atmalıdır.
Bəhruz Məhərrəmov sonda vurğulayıb ki, əks halda Ermənistan uzunmüddətli transformasiya prosesinə daxil olacaq və bu prosesin sonunda belə real suverenlik əldə etməsi sual altında qala bilər.