Böyük Britaniya Kralı III Karl kiçik oğlu Sasseks hersoqu Şahzadə Harrinin telefon zənglərinə cavab verməyi dayandırıb. Hadisənin pərdəarxası səbəbləri olduqca sadə, lakin kral ailəsi üçün kifayət qədər səs-küylüdür.
Bu barədə kral ailəsi üzrə ekspert Kinsi Şofild "TalkTV" telekanalında aparıcı Ceremi Kaylın proqramında məşhur bioqraf Robert Cobsonun araşdırmalarına istinadən məlumat verib.
Məlumata görə, monarx sadəcə olaraq oğlunun bitmək bilməyən və eyni tipli xahişlərindən cana yığılıb:
"Müəyyən bir məqamda, hələ Uels şahzadəsi olan III Karl dəstəyi qaldırmağı dayandırdı. O etiraf edib ki, Harrinin davamlı pul tələbləri üzündən özünü ata kimi deyil, adi bir bankomat (nağd pul aparatı) kimi hiss etməyə başlayıb", — deyə Şofild bildirib.
Kraliça II Elizabet də onlardan çəkinirmiş
Ekspert qeyd edir ki, III Karl təhlükəsizlik və şəxsi rahatlıq naminə Harri və Meqan Markldan məsafə saxlayan ilk ailə üzvü deyil. Mərhum kraliça II Elizabet də bənzər narahatlıqlar yaşayıb.
Saray daxilindəki mənbələr iddia edir ki, Əlahəzrət Sasseks cütlüyü ilə təklikdə qalmamağa çalışır, görüşlər zamanı (və ya telefon danışıqlarında spiker rejimində) şahid qismində köməkçilərinin və ya dostlarının mütləq iştirakını tələb edirdi. Kraliça gizli çəkilişlərdən, konfidensial danışıqların mətbuata sızmasından və nəvəsinin qəfil maddi iddialarından özünü qorumağa çalışırdı.
Bundan əlavə, hazırkı kraliça Kamillanın da sərt mövqe tutduğu və III Karlın Harri ilə şahid olmadan eyni otaqda tək qalmasını qətiyyətlə qadağan etdiyi bildirilir.
Uşaqların səfəri təhlükədədir: "İnvictus Games" böhranı
Bu faktlar Sasseks cütlüyünün bu ayın sonunda Böyük Britaniyaya planlaşdırılan səfəri ərəfəsində üzə çıxıb. Meqan Markl 2027-ci ildə keçiriləcək "Məğlubedilməzlər Oyunları"nın (Invictus Games) birillik geri sayımına rəsmi start vermək üçün ərinə qoşulmalıdır. Lakin ailəvi görüş baş tutmaya bilər.
Şahzadə Harri Londona bütün ailəsini, o cümlədən 7 yaşlı Arçi və 5 yaşlı Lilibeti gətirməyi planlaşdırırdı. Lakin Böyük Britaniya hökuməti vergi ödəyicilərinin hesabına ona dövlət mühafizəsi verməkdən qəti şəkildə imtina etdikdən sonra, şahzadə uşaqların səfərini ləğv etmək barədə ciddi düşünür.
Sassekslər bu qərarın müsbət və mənfi tərəflərini ölçüb-biçdiyi bir vaxtda, Kral III Karl Şotlandiyada gizli ailə şam yeməyi təşkil edib və təbii ki, Harri ilə Meqan bu tədbirə dəvət olunmayıblar.
Ekspertlər hesab edirlər ki, cütlük ABŞ ictimaiyyətinə vətənlərində hələ də xoş qarşılandıqlarını nümayiş etdirməyə çalışsa da, Bukingem sarayının daxilindəki real mənzərə tamamilə fərqlidir.