Azərbaycan–Ermənistan sülh prosesi real mərhələyə keçib

Azərbaycan–Ermənistan sülh prosesi real mərhələyə keçib
10:01

“Avropa Siyasi Birliyi”nin İrəvan şəhərində keçirilən VIII zirvə görüşü fonunda Azərbaycan–Ermənistan münasibətləri və sülh prosesi ilə bağlı mühüm mesajlar verilib.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sammitə videoformatda qoşulması mövcud reallıqlar fonunda gözlənilən addım idi.


Ekspertin sözlərinə görə, iki ölkə arasında yekun sülh sazişinin hələ imzalanmaması və Ermənistanda siyasi vəziyyətin həssas olması bu qərarı şərtləndirən əsas amillərdəndir.

Turan Rzayev vurğulayıb ki, buna baxmayaraq, Azərbaycanın sammitdə iştirakı olduqca vacibdir:
“Bu, həm davam edən sülh danışıqları, həm də tərəflər arasında etimad mühitinin formalaşması baxımından müsbət göstəricidir”.

Politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin sammitdə səsləndirdiyi fikirlər regionda sülhün artıq real mərhələyə keçdiyini göstərir. Onun sözlərinə görə, tərəflər arasında danışıqlar davam edir və ilkin iqtisadi təmaslar artıq müşahidə olunur.

Ekspert hesab edir ki, kənar müdaxilələr olmadığı təqdirdə Bakı və İrəvan ortaq məxrəcə gələ bilir. Bununla belə, o, Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsini sülh prosesinə mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirib.

Turan Rzayev əlavə edib ki, 2028-ci ildə “Avropa Siyasi Birliyi” sammitinin Azərbaycanda keçirilməsi regionda münasibətlərin normallaşması üçün yeni imkanlar yarada bilər. Onun fikrincə, həmin vaxta qədər sülh sazişi imzalansa və Nikol Paşinyan hakimiyyətdə qalsa, Ermənistan rəhbərinin Bakıya səfəri mümkün görünür.


Sizin reklam burada
Sizin reklam burada