Bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.
Onun sözlərinə görə, dövlət şəhərsalma normaları və qaydalarına uyğun olmayan əmlakda hər hansısa əlavənin edilməsi qanuni deyil:
“Hələ bir baxmaq lazımdır ki, həmin həyət evinin özünün sənədi var, ya yox? Yaxud mövcud tikinti sahəsi tikinti norma və qaydalara uyğun aparılıbmı?
Fərdi yaşayış evlərində tikilən əmlakın yerləşdiyi torpaq sahəsinə görə ölçülərinin müəyyən olunması dövlət şəhərsalma normaları və qaydaları ilə müəyyən olunur. Ola bilər ki, torpaq sahəsinin ölçüləri həmin evin mövcud ölçülərinə adekvat deyil. Bu mənada hansısa evin damının satışını, ümumiyyətlə hüquqi olaraq mümkün olmasını qeyri-real hesab edirəm”.
Ekspert vurğulayıb ki, yüksək kompensasiya almaq üçün evin mərtəbəsini artırmaq, yaxud əlavə tikinti aparmaq olduqca risklidir:
“Sovetski”, “Papanin” və “Kubinka” kimi ərazilərdə yerləşən və öncədən söküntüsü dəqiqləşən evlərin bir çoxunda plana düşəcək sahəni artırmaq üçün ikinci mərtəbənin inşa edilməsi faktları qeydə alınır. Azərbaycan reallığında bu, istisna olunmayacaq məsələdir. Lakin vətəndaşlar çox vaxt hüquqi riskləri unudur. Burada çox böyük hüquqi risk var. Məsələn, belə əmlakın dövlət ehtiyacları üçün alınması zərurəti ortaya çıxa bilər. Həmin an qərar qəbul oluna bilər ki, həmin evə sənədi olmadığı üçün ümumiyyətlə kompensasiya ödənilməsin. Yəni bu kimi hüquqi riskləri nəzərə almaq lazımdır. Yaxud söküntü ilə bağlı yeni bir proqram qəbul oluna bilər ki, 3 il bundan əvvələ kimi aparılan tikintilərə kompensasiya ödənişi həyata keçirilməsin. Ona görə də, vətəndaşlar belə alqı-satqı yaxud tikinti fəaliyyətlərindən uzaq olsalar, daha məqsədəuyğun olar”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan yeni “ənənəyə” görə, bəzi vətəndaşlar özlərinə məxsus fərdi yaşayış evinin dam hissəsini satışa çıxarır. Qəribə səslənsə də, belə elanların müştəriləri də xeyli çoxdur.
