Xəbər verdiyimiz kimi, son həftələrdə ABŞ-də qızılca 12 ştatda yayılıb.
News365.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına əsasən, ölkə daxilində aşkar edilən ümumi yoluxma sayı 222-yə çatıb.
Həmçinin Texasda bir uşağın və Nyu-Meksikoda bir yeniyetmənin qızılcadan öldüyü bildirilib.
Maraqlıdır, ölkəmizdə qızılca ilə bağlı vəziyyət hansı yerdədir?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında peyvənd işləri davam etdirilir. Nəzərə çatdırılıb ki, bunun nəticəsində son aylarda respublikada qızılca xəstəliyi tək-tək hallarda qeydə alınır.
Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğu və hələ də peyvənddən kənarda qalan əhali qruplarının peyvənd olunmasının vacibliyi vurğulanıb.
"Həmçinin, ölkədə qızılca xəstəliyinə qarşı müalicə-profilaktika müəssisələri tərəfindən peyvənd işləri davam etdirilir. Respublika ərazisində qızılca xəstəliyinə qarşı peyvəndlərlə əhatə olunma artırılıb",- deyə məlumatda qeyd olunub.