Bakının mərkəzində yerləşən, hazırda “GreenPark” adı ilə fəaliyyət göstərən 6 mərtəbəli otel hərrac vasitəsilə satışa çıxarılıb. Obyektin minimum satış qiyməti 5,6 milyon manatdan çoxdur.
News365.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşən qeyri-yaşayış binası icra məmurlarının sifarişi əsasında hərraca çıxarılıb.
Torpaq sahəsi 0,06076 hektar olan binada ümumilikdə 50 otaq mövcuddur. Obyektin minimum satış qiyməti 5 milyon 561 min 890 manat, ilkin bazar dəyəri isə 6 milyon 543 min 400 manat müəyyən edilib.
Məlumata görə, binada əvvəllər “İrşad” adlı otel fəaliyyət göstərib. Otelin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev tərəfindən inşa edildiyi bildirilir. Hazırda mərkəzin hüquqi ünvanı da məhz Vaqif prospekti, 11a ünvanıdır.
Tikinti ilə bağlı qalmaqal
Rafiq Əliyevin adı bir neçə il əvvəl Nəsimi Rayon İcra Hakimiyyəti ilə yaşadığı tikinti mübahisəsində də hallanıb.
Sabiq komitə sədri iddia edib ki, icra hakimiyyəti Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən “İrşad” otelinin yaxınlığındakı, təxminən 1 sot ərazidə tikinti işlərinin aparılmasına mane olub. O, həmçinin tikintiyə icazə verilməsi üçün özündən 300 min manat rüşvət tələb olunduğunu iddia edib.
Rafiq Əliyev daha sonra mediada yayılan məlumatlardan sonra tikinti işlərinə icazə verildiyini açıqlayıb.
Dubaylı iş adamı ilə də mübahisə yaşanıb
“İrşad” oteli ilə bağlı daha bir iddia Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salih tərəfindən səsləndirilib.
İş adamının sözlərinə görə, o, 1996-cı ildə Bakıda namizədlik dissertasiyasını müdafiə edib və elmi rəhbəri Rafiq Əliyev olub. Həmin dövrdə tərəflər Bakı İslam Universitetinin tələbələri üçün yataqxana tikintisi ilə bağlı razılığa gəliblər.
İsa Məhəmməd Salihin iddiasına əsasən, otel fəaliyyətə başladıqdan sonra iki il ərzində ona gəlirlərdən pay verilib. Lakin Rafiq Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunduqdan sonra tərəflər arasında əlaqələr kəsilib və iş adamına ödənişlər dayandırılıb.
Qeyd edək ki, otelin hərraca çıxarılması ilə bağlı məlumatda obyektin satışının hüquqi əsasları və müsadirənin səbəbləri barədə ətraflı məlumat verilməyib.