Aprelin 30-u ölkəmizin müdafiə qüvvələri sırasında özünəməxsus yeri olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılması günüdür.
News365.az xəbər verir ki, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri yaradıldı.
Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Ümummilli Lider Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun həmin bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı qüvvələrə yüksək diqqət yetirir. Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda fərqləniblər.
Müxtəlif hərbi əməliyyatları uğurla tamamlamış Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində öz peşəkarlıqları ilə sanki dörd il sonra əldə ediləcək tarixi Zəfərin anonsunu verdilər. Vətən müharibəsində isə Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazan XTQ mənsubları ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının keçirilməsində həlledici rol oynadılar.
Peşəkarlıqla bərabər, burada fədakarlıq, ölümün üzərinə şığıma həlledici amillərdən idi. Xüsusi Təyinatlı Qüvvələrin mənsubları döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülüblər, eləcə də müxtəlif orden və medallarla təltif olunublar.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silah, döyüş vasitələri və texnikaya malikdir. Müharibədən sonrakı dövrdə də ordu quruculuğu prosesi yeni reallığa uyğun formalaşdırılmaqda davam edir.