Jurnalist Azər Rəşidoğlu elm, təhsil və mədəniyyət mövzularında Elm və Təhsil naziri Emin Əmrullayevlə müsahibə aparmaq üçün ona açıq təklif irəli sürüb.
News365.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Azər Rəşidoğlu qeyd edib ki, nazirin müəllim, şagird və tələbələrin intellektual səviyyəsi ilə bağlı fikirlərinin müəyyən əsaslara söykəndiyini düşünür:
“Emin Əmrullayev müəllimləri, şagirdləri və tələbələri intellektsizlikdə ittiham edir. Yəqin ki, bunun üçün müəyyən əsasları var. Etiraz etmirəm.
Sadəcə, kiçik bir təklifim var. Cənab nazir, gəlin bir dəfə də intellekt haqqında danışaq.
Mən sizdən cəmi bir müsahibə istəyirəm. Sizin qədər kitab oxuduğumu iddia etmərəm, amma mən də 1-2 kitabın üzünü açmışam. Düşünürəm ki, söhbətimiz maraqlı alına bilər”.
Jurnalist müsahibə zamanı sualların əvvəlcədən göndərilməyəcəyini bildirib. Onun sözlərinə görə, intellektual söhbətin əsas xüsusiyyətlərindən biri insanın yalnız əvvəlcədən hazırladığı cavablarla deyil, gözlənilməz suallar qarşısında düşünmə qabiliyyəti ilə də özünü göstərməsidir.
“Suallarımız elm, təhsil və mədəniyyət haqqında olacaq. Nə siyasi polemika, nə də şəxsi ittiham.
Sadəcə söhbət.
Bir az elm, bir az təhsil, bir az mədəniyyət və mümkün qədər çox düşüncə.
Razısınızsa, buyurun.
Mikrofon məndə, cavablar sizdə”, – deyə Azər Rəşidoğlu bildirib.