1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Dövlətlərin və xalqların taleyində dil strateji rola malikdir. Yəni, biz dilə yalnız ünsiyyət vasitəsi kimi baxmalı deyilik. Dil mədəniyyətin qorunub saxlanması, özünəməxsusluğunun formalaşdırılması və milli təhlükəsizliyin təmin edilməsində güclü vasitədir. Ən əsası, dil intellektual irsdir. Təsadüfi deyil ki, qloballaşan dünyada bir çox dillərin mövcudluğu təhlükə altına düşüb.
Azərbaycan dili də əsrlərdir öz zənginliyini qoruyub saxlayıb. Amma bu, proses maneəsiz başa gəlməyib. Belə ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə hətta dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bu süni əngəllərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində hər zaman qətiyyət sərgiləyib. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. Belə ki, 1978-ci il aprelin 27-də Azərbaycan SSRİ Konstitusiyasına “Azərbaycan SSRİ-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə edildi. Bu, Ümummilli Lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə mümkün oldu. Azərbaycan xalqının öz milli dilinə sahib çıxması milli dövlətçilik tarixində önəmli hadisə idi. Beləliklə, Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi. Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, “hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.”
Müstəqillik dövründə də Azərbaycan dilinin saflığının qorunması istiqamətində daha strateji qərarlar verildi.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Eyni zamanda bu vaxta qədər Azərbaycan dilinin qorunması, daha da zənginləşdirilməsi istiqamətində fundamental addımlar atılıb. Prezident İlham Əliyevin söylədiyi kimi, “bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”. Biz indi həm müstəqil, həm də qalib dövlət və xalq kimi Azərbaycan dili ilə fəxr edir, onu xarici təsirlərdən qoruyuruq.
Milli Məclisin deputatı Nigar Məmmədova