Azərbaycan Avropa ilə münasibətlərini yeni formatda davam etdirir

Azərbaycan Avropa ilə münasibətlərini yeni formatda davam etdirir
11:13

Azərbaycan və Serbiya arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə iki ölkə liderləri arasında formalaşan yüksək səviyyəli münasibətlər siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradıb. Ekspertlər hesab edir ki, Bakı ilə Belqrad arasında əlaqələrin inkişafı Azərbaycanın Avropa siyasətində mühüm istiqamətlərdən biri kimi diqqət çəkir.

Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında şəxsi münasibətlər olduqca yüksək səviyyədədir.

Onun sözlərinə görə, hər iki liderin hakimiyyəti dövründə Azərbaycan-Serbiya münasibətləri dövlətlərarası əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyub və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Politoloq qeyd edib ki, Azərbaycanın Serbiyada strateji sərmayəçi ölkə statusuna çevrilməsi də bu münasibətlərin inkişafının göstəricilərindən biridir. Taleh Əliyevin sözlərinə görə, Prezident İlham Əliyevin Serbiyaya son səfəri çərçivəsində əldə olunan razılaşmalar iki ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyini göstərir. O əlavə edib ki, bu ilin payızında Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycana rəsmi səfərinin planlaşdırılması da əlaqələrin dinamik inkişaf etdiyini təsdiqləyir.

Ekspert hesab edir ki, Azərbaycanın Avropa siyasəti hazırda iki əsas istiqamət üzrə davam etdirilir. Birinci istiqamət Avropadakı dost və tərəfdaş ölkələrlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsidir. Taleh Əliyev bildirib ki, son dövrlərdə Avropa ölkələrindən Azərbaycana həyata keçirilən səfərlər də məhz bu əməkdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir.

Politoloqun fikrincə, Azərbaycan Avropadakı bəzi anti-Azərbaycan mövqeli dairələrin təsiri altında olan qurumların münasibətindən asılı olmayaraq, ayrı-ayrı dövlətlərlə birbaşa əlaqələri davam etdirir. O qeyd edib ki, Fransa, Belçika və Hollandiya kimi ölkələrdə müəyyən siyasi dairələrin Azərbaycana qarşı qərəzli yanaşmaları müşahidə olunsa da, bu, Azərbaycanın Avropa dövlətləri ilə əməkdaşlıq siyasətinə mane olmur.

Taleh Əliyev vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini də fərqli platformalar üzərindən inkişaf etdirir. Onun sözlərinə görə, enerji, iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq Avropa Parlamenti kimi qurumlarla deyil, birbaşa Avropa İttifaqının digər institutları ilə davam etdirilir. Bununla yanaşı, hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq NATO ilə tərəfdaşlıq proqramları çərçivəsində həyata keçirilir.

Politoloq Serbiya Prezidentinin son bəyanatlarına da münasibət bildirib. O hesab edir ki, Vuçiçin bəzi açıqlamaları Serbiyanın Avropa qurumları ilə yaşadığı problemlər fonunda Azərbaycana dost münasibət nümayiş etdirmək məqsədi daşıyır. Taleh Əliyevin fikrincə, Belqradın Bakı ilə əlaqələri gücləndirməkdə maraqlı olması həm siyasi, həm də iqtisadi səbəblərlə bağlıdır.

Ekspert sonda qeyd edib ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir və həm Avropa ölkələri, həm də beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı inkişaf etdirməyə çalışır. Onun sözlərinə görə, Serbiya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də Azərbaycanın regionda və Avropada artan siyasi nüfuzunun göstəricilərindən biridir.


Sizin reklam burada
Sizin reklam burada