“Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2025-ci il iyunun 1-dən “Tullantıların bələdiyyə - icma əsaslı idarə edilməsi modeli üzrə maarifləndirmə tədbirləri” adlı yeni layihənin icrasına başlayıb. Layihənin icra müddəti 4 ay təşkil edir.
News365.az xəbər verir ki, Layihə Beyləqan rayonunun Dünyamalılar, Kəbirli, Yuxarı Aran və Şəfəq, Tərtər rayonunun isə Buruc, Gülablı, Kəbirli və Qaradağlı kəndlərini əhatə edir. Əsas məqsəd bu yaşayış məntəqələrində tullantıların idarə olunmasında bələdiyyə-icma əməkdaşlığını əsas tutan modelin tətbiqi, ətraf mühitin təmizliyinin və davamlılığının təmin olunması, yerli icmaların və bələdiyyələrin bu sahədə bilik və bacarıqlarının artırılmasıdır.
Layihə çərçivəsində hər icmada 12 nəfərdən ibarət təşəbbüs qrupları yaradılacaq. Hədəf qrupların seçimində aşağıdakı meyarlara üstünlük veriləcək:
Liderlik və təşəbbüskarlıq bacarığı;
İcma ilə yaxın əlaqələr;
Təcrübə və ekoloji bilik səviyyəsi;
Məsuliyyət və ictimai nüfuz;
Qadınlar, gənclər, yaşlılar və həssas qrupların təmsilçiliyi;
Ekoloji maarifləndirmə ehtiyacı;
Resursların idarə olunması bacarığı;
Davamlılıq prinsipinə uyğunluq.
Təlimlərdə iştirak edəcək təşəbbüs qruplarına “Tullantıların idarə olunmasında icma əsaslı yanaşmanın üstünlükləri”, “Tullantıların azaldılmasında 3R prinsipi” və “Kompostlaşdırma və orqanik tullantıların idarəsində COP meyarları” mövzularında 3 günlük seminarlar təşkil olunacaq.
Layihənin gözlənilən nəticələri bunlardır:
İcma üzvlərinin tullantıların idarəsi sahəsində məlumatlılığı və iştirak səviyyəsi artacaq;
Ətraf mühitin çirklənməsinə səbəb olan plastik, üzvi və digər tullantıların miqdarı azalacaq;
Tullantılara qarşı məsuliyyətli münasibət formalaşacaq;
Təbliğat xarakterli bukletlər paylanılacaq və “Təmiz və sağlam gələcək üçün birlikdə” mesajı ictimailəşdiriləcək;
Layihə çərçivəsində çəkilən foto və videolar sosial şəbəkələrdə yayılacaq, AİİB-in 20 rayon üzrə nümayəndəliklərinə təqdim ediləcək;
Layihə nəticəsində əldə olunan təcrübənin digər bölgələrdə də tətbiqi üçün tövsiyələr hazırlanacaq.
Layihənin rəhbəri “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovdur.