Azərbaycanda
ictimai nəqliyyat sahəsi illərdir islahat adı altında dəyişikliklərə məruz
qalsa da, problemlər kökündən həll olunmayıb. Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) paytaxta və iri şəhərlərə yeni avtobuslar gətirməklə sanki
işini bitmiş hesab edir. Amma real vəziyyət göstərir ki, bu qurum sadəcə
vitrini bəzəməklə məşğuldur.
Bakıda və
Sumqayıtda çoxlu dayanacaq ya köhnəlib, ya da ümumiyyətlə mövcud deyil. Sərnişinlər
bəzən avtobusu yol kənarında gözləməyə məcbur qalır. Əksər dayanacaqlarda isə
informasiya lövhələri, hərəkət qrafikləri yoxdur. Nəticədə insanlar avtobusun nə
vaxt gələcəyini təsadüflərə buraxırlar.
Yeni
avtobusların gətirilməsi yaxşıdır, amma bu avtobuslar vaxtında işləmirsə, sərnişin
üçün fərqi yoxdur. Pik saatlarda marşrutlarda xaos hökm sürür. Sumqayıtda isə
bütün marşurtları sərnişinlər dəqiqələrlə gözləyir. Dəfələrlə AYNA-nın call
center-nə şikayət etsəm də hər dəfə zəng edib, şikayətinizlə əlaqədar
daşıyıcıya xəbərdarlıq olundu cavabı verilir. Ancaq dəyişən heçnə yoxdur.
Bakıda və hətta
Gəncədə kart sistemi tətbiq olunsa da, Sumqayıtda vəziyyət tamamilə fərqlidir.
Əslində, burada illər əvvəl kart sistemi tətbiq edilsə də, cəmi bir ay sonra
texniki problemlər səbəbindən dayandırıldı. O vaxtdan bəri bu məsələ bir daha bərpa
olunmayıb. Bu da Sumqayıtı digər iri şəhərlərlə müqayisədə ictimai nəqliyyat
sahəsində çox geri salır. XXI əsrdə belə bir gerilik sadəcə qəbuledilməzdir.
Sumqayıtda hərəkəti
dayandırılan bir çox marşrut xətləri illərdir yenidən bərpa olunmur. Məsələn,
503 saylı marşrut xətti Bakı-Sumqayıt-Saray körpüsü təmirə bağlanandan fəaliyyətini
dayandırıb. Lakin fəaliyyətini dayandırandan sonra bu istiqamətdə heç bir
alternativ yaradılmayıb. Oxşar vəziyyət bir neçə digər marşrut xətləri ilə də
yaşanır. Bu isə sərnişinlərin gündəlik hərəkət imkanlarını məhdudlaşdırır,
alternativsiz buraxır.
AYNA hər
çıxışında islahatlardan danışır, amma sərnişinlərin gündəlik problemlərinə real
həll tapa bilmir. Yeni avtobuslar gətirmək təkbaşına nəqliyyatı inkişaf
etdirmir. Dayanacaqların qurulması, marşrutların dəqiq işləməsi, kart
sisteminin bütün ölkə üzrə tətbiqi və sərnişin rahatlığının prioritetə çevrilməsi
vacibdir.
Əks halda,
bu sahədə görülən işlər sadəcə kağız üzərində qalacaq, reallıqda isə Azərbaycan
vətəndaşı hər gün avtobus dayanacağında əsəbiləşməyə davam edəcək.
İlkin Məmmədkərimov,
News365.az