Avropa Parlamentinin son qətnaməsi bu qurumun Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv yanaşmasını bir daha ortaya qoyur. Sənəddə yer alan bəzi məqamlar rəsmi Bakı tərəfindən qərəzli yanaşma kimi qiymətləndirilir.
Bu mövzuda Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a açıqlama verib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilən sənədlərin sayı artıb və bu yanaşma ölkəmizin ərazi bütövlüyünü bərpa etməsini həzm etməməkdən qaynaqlanır. Onun sözlərinə görə, təşkilat faktiki olaraq Ermənistanın mövqeyini müdafiə edən tərəf kimi çıxış edir.
Samir Vəliyev qeyd edib ki, “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə də bu ölkəyə siyasi dəstəyin göstəricisidir və eyni zamanda Azərbaycana qarşı əsassız ittihamları ehtiva edir. O vurğulayıb ki, bu cür sənədlər xüsusilə Ermənistan daxilində siyasi proseslər fonunda müəyyən qüvvələrin mövqeyini gücləndirməyə xidmət edir.
Deputatın fikrincə, Avropa təsisatlarının fəaliyyətində əvvəllər əsas götürülən beynəlxalq hüquq, insan haqları və demokratiya prinsipləri artıq arxa plana keçib: “Bu gün həmin qurumlar daha çox müxtəlif siyasi dairələrin və lobbilərin təsiri altında qərarlar qəbul edir.”
O əlavə edib ki, Avropa Parlamenti uzun illər Ermənistanın işğalçı siyasətinə münasibətdə səssiz qalıb, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı ciddi sənədlər qəbul etməyib. Buna baxmayaraq, hazırda Ermənistanla əməkdaşlığa xüsusi önəm verilməsi ikili standartların göstəricisidir.
Samir Vəliyev hesab edir ki, bu cür qətnamələr Azərbaycanın beynəlxalq nüfuzuna təsir göstərə bilməz və əksinə, Avropa Parlamentinin öz imicinə zərər vurur. O xatırladıb ki, oxşar vəziyyət Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərdə də yaşanıb və nəticədə Azərbaycan bu qurumla əməkdaşlığı dayandırıb.
Deputat sonda qeyd edib ki, mövcud şəraitdə Azərbaycan parlamenti tərəfindən Avropa Parlamenti və Avronest Parlament Assambleyası ilə əməkdaşlığın dayandırılması məsələsi gündəmə gətirilə bilər. Onun fikrincə, dəyişməyən qərəzli mövqe bu əməkdaşlığı faktiki olaraq mümkünsüz edir.