Rusların Asiyada tətilə olan tələbatı son illərdə durmadan artır. Çin və Cənubi Koreya bu mənada rekord artım templəri nümayiş etdirir. Tayland, Vyetnam və Filippin isə davamlı olaraq ruslar arasında populyar görünürlər.
Ümumilikdə, Cənub-Şərqi və Şərqi Asiyaya maraq il ərzində 1,5 dəfədən çox artıb. Lakin Asiya heç də eyni dərəcədə qonaqpərvər və təhlükəsiz deyil – bu, “kütləvi” tətilləri sevməyən, daha az tanınan istiqamətlərə üstünlük verən səyahətçilər üçün yadda saxlamalı olan bir məqamdır. Keçmiş diplomat, məlum bölgədə yaşayan və işləyən 20 illik təcrübəyə malik sinoloq, tərcüməçi Kseniya Razova "Gazeta"ya hansı bölgələrə gedilməsinin arzuolunmaz olduğunu açıqlayıb.
Antireytinqdə Myanma birinci yerdədir.
"10 il əvvəl bura nisbətən təhlükəsiz idi. Lakin 2021-ci ildəki hərbi çevrilişdən sonra ölkədə qarışıqlıq hökm sürür. Bəli, ölkədə Rusiya səfirliyi də daxil olmaqla xarici nümayəndəliklər var, lakin onlar turistlərin təhlükəsizliyinə zəmanət verə bilmirlər, buna görə də bir çoxları öz vətəndaşlarını səyahətdən çəkindirir",- o qeyd edib.
İkinci yer Mindanao adasıdır. O, bir tərəfdən Filippinin ən gözəl yerlərindən biri sayılır. Digər tərəfdən, artıq 60 ildən çoxdur ki, burada nüfuzlu siyasətçilərin ailələri ilə məmurlar, həmçinin, islamçı üsyançı qruplar arasında silahlı münaqişələr yaşanır. Bu səbəbdən bura da son dərəcə təhlükəlidir.
Üçüncü yerdə - Taylandın bəzi əyalətləridir. 2024-cü ilin məlumatlarına görə, Taylanda 1,745 milyon rusiyalı səfər edib. Eyni zamanda, o, Asiyanın ən təhlükəli ölkələri reytinqində onuncu yeri tutur. Xüsusilə, söhbət Taylandın cənub əyalətlərindən - Yala, Naratxivat və Pattanidən gedir.
Maraqlıdır ki, dördüncü yerdə Tibet var. Bu, çoxlarının maariflənmə, harmoniya və əbədi suallara cavab axtardığı bir məkandır. Lakin ekspert xəbərdarlıq edib ki, Tibet onu mənəvi axtarışlarda bir növ "Disneyland" kimi görənlər üçün təhlükəli yerə çevrilə bilər. O qeyd edib ki, oradan insanlar düşüncə və psixoloji cəhətdən 180 dərəcədə dəyişmiş şəkildə qayıda bilərlər: "Tibet monastırlarında qədim şamanizmin əks-sədalarının hələ də canlı şəkildə qaldığını unutmamalıyıq. Bu, mənəvi cəhətdən ritual və digər məsələlərə hazırlıqsız olanların şüuru üçün çətin sınaq ola bilər".
Tural